Modern.az

ADU-da “Məzun günü” keçirildi, diplomlar paylandı (FOTOLAR)

ADU-da “Məzun günü” keçirildi, diplomlar paylandı (FOTOLAR)

30 İyun 2011, 18:45

İyunun 30-da Azərbaycan Dillər Universitetində (ADU) “Məzun günü” keçirilib. Universitetin həyətində keçirilən tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov məzunları təbrik edərək bu gün həm sevinc içində olduğunu, həm də kədər hissi keçirdiyini bildirib. O, məzun adı qazananların gələcəkdə nüfuzlu dövlət xadimi olacaqlarını əminliyini ifadə edib. Rektor dövlət səviyyəsində ADU-ya göstərilən qayğıdan danışıb, deyib, ki, əgər Prezidentin dəstəyi olmasaydı uğur qazana bilməzdilər.
“Biz bu dəstəyi daim hiss edirik” deyən rektor ADU-nun xüsusi ali məktəb olduğunu diqqətə çatdırıb.
“Bu gün ADU gəncləşib, müasirləşib. Biz hələ yeni-yeni dünya standartlarını tətbiq edirik. Bunun nəticəsidir ki, Azərbaycanda ilk dəfə olaraq Bolonya sisteminə ilk olaraq ADU keçdi. IV kurslarda dövlət imtahanları ləğv edildi”.
ADU tələbələrinin Fransada, Böyük Britaniyada, Norveçdə və digər Avropa ölkələrində təhsillərini davam etdirdiklərini söyləyən S. Seyidov onların Azərbaycanın bayrağını daim uca tutduqlarını bildirib. S.Seyidov əmin olduğunu bildirib ki, ADU tələbələri harada olmağından asılı olmayaraq Azərbaycanın və universitetin adını daim yüksək tutacaqlar.

“Məzun günü”ndə iştirak edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bu gün həm məzunların, həm müəllimlərin, həm də valideynlərin bayramı olduğunu söyləyib. Gənclərin fəaliyyətinə qiymət verilməsi baxımından ADU-nun müstəsna yerinin olduğunu bildirən millət vəkili siyasi fəaliyyətində də ADU ilə əməkdaşlıq etməyindən məmnunluğunu ifadə edib. O, sözünü məzunları təbrik etməklə bitirib.  
 
ADU-nun 1 saylı İngilis dili fakültəsinin məzunu Fatma Qurbanzadə  həm sevindiyini, həm də kədərləndiyini qeyd edib. Azərbaycan təhsilinə və elminə layiqli şəxslər kimi yetişməyində universitet rəhbərliyinin, dekanların böyük əməyi olduğunu vurğulayan F. Qurbanzadə ADU-nun məzunu olmağından fəxr hissi keçirdiyini bildirib.
   
Valideynlər adından danışan Tahir Ağayev də öz növbəsində məzunları təbrik edib. ADU-nu unikal spesifikliyə malik olan ali məktəb adlandıran valideyn ADU-da keçirilən islahatların, o cümlədən dövlət imtahanların ləğvinin tələbələrə böyük stimul verdiyini qeyd edib. O, həmçinin bildirib ki, qızının 4 il əvvəl məhz ADU-ya üstünlük verdiyindən məmnun olub.

Çıxışlardan sonra universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim edilib. “Məzun günü” populyar incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.

Adunun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə,  2010-2011-ci tədris ilində ADU-nu bitirən əyani magistrların sayı 137 nəfərdir. Həmçinin, 2 nəfər əcnəbi tələbə magistr pilləsindən məzun olur. Ümumilikdə götürdükdə isə bu il ADU-nu 984 bakalavr və 193 magistr bitirir.






Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə