İyulun 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Ölkə başçısının fərmanına əsasən, 1993-cü ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.
Fərmana uyğun olaraq “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması məqsədilə Müdafiə Nazirliyinin təşkilat səfərbərltk idarəsində «qaynar xətt» yaradılıb. Həmçinin çağrışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları «qaynar xətt»in bu telefon nömrələrinə 538-61-10, 539 90 28, 539 23 55 zəng edə bilərlər.
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlunun Modern.az-a bildirdiyinə görə, şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən «etimad xətti”nin telefon nömrələrinə (538-61-31, 538 61 74, 539 23 76) zəng etmələri xahiş olunur.
Modern.az