İyulun 1-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2010-2011-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Nazir müavinlərinin, aidiyyəti xidmət rəislərinin, Olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin də iştirak etdiyi tədbirdə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib. Sonra nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisə - tədris ilinin buraxılışı münasibətilə təbrik edib.
Polis Akademiyasının rəisi Nazim Əliyev bu təhsil ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı çıxış edib.
Bildirib ki, 2010-2011-ci tədris ilində Polis Akademiyasını əyani fakültə üzrə 124, qiyabi fakültə üzrə 143, ümumilikdə, 267 məzun bitirir.
Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenatı Tural Kazımov onlara göstərilən diqqət və qayğıya, aldıqları bilik və təcrübəyə görə DİN rəhbərliyinə və müəllim heyətinə minnətdarlığını bildirib.
General-polkovnik Ramil Usubov məzunlara vətənə məhəbbət, dövlətçiliyə sədaqətlə xidmət etməyi və Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini, vətəndaşların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.
Modern.az