Modern.az

Türk ölkələrinin müstəqilliyi Ankarada müzakirə olunub

Türk ölkələrinin müstəqilliyi Ankarada müzakirə olunub

6 Oktyabr 2011, 09:24

Dünən Ankarada “Rixos Hotel” mehmanxanasında Türkiyə Xarici İşlər Nazirliyi, Atatürk Mədəniyyət Mərkəzi və “Hoca Əhməd Yesevi Beynəlxalq Türk-Qazax” Universitetinin təşkilatçılığı ilə “Türkdilli Ölkələrin Müstəqilliyinin 20-ci İldönümü” mövzusunda geniş tərkibli beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Modern.az saytına verilən məlumata görə, konfransda Türkiyə prezidenti Abdullah Gül, baş nazirin müavini Bekir Bozdağ, xarici işlər Naziri Əhməd Davudoğlu, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Türkiyənin rəsmiləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, elm adamları, düşüncə mərkəzlərinin nümayəndələri və çox sayda KİV nümayəndəsi iştirak edib.

Tədbirdə Türk Dünyasının şəhidləri və dünyasını dəyişmiş böyük dövlət xadimlərinin xatirələri yad edilib. Sonra “Türkdilli Ölkələrin Müstəqilliyinin 20-ci İldönümü” mövzusunda sənədli film nümayiş etdirilib.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türk Dünyasının keçdiyi tarix yolundan bəhs edərək türkdilli ölkələrin hər birinin özünəməxsus əhəmiyyəti olduğunu vurğulayıb.

Türkiyə prezidenti Abdullah Gül isə bu konfransın çox böyük əhəmiyyət daşıdığından, türkdilli ölkələr arasında əlaqələrin inkişafının əhmiyyətindən, Türkdilli Ölkələrin Dövlət Başçılarının Naxçıvan sammitinin əhəmiyyətindən, türkdilli ölkələrin əməkdaşlıq şurasının təsis edilməsinin mühüm addım olduğundan bəhs edib. O, “Türkiyə, Azərbaycan, Qazaxstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan bir millət altı dövlətdir” deyib.

Tədbirdə Azərbaycandan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Azərbaycan Dillər Universitetinin nümayəndəsi Jalə Qəribova çıxış ediblər.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə