Respublikanın Əməkdar artisti Baloğlan Əşrəfovun oktyabrın 8-də ad günüdür. Əməkdar artistin 60 yaşı tamam olacaq. Doğum gününü necə keçirəcəyinə hələ ki qərar verməyən sənətçi fikirlərini Modern.az saytı ilə bölüşüb.
Bir sıra telekanallardan dəvət aldığını deyən B.Əşrəfov bildirdi ki, artıq təbriklər almağa başlayıb. “Ad günümdə ANS-in “Günəbaxan” verlişinə dəvət almışam, bundan əlavə, “Space” telekanalında yayımlanan "Səhər" verilişi mənə həsr olunub, orada dostlarım ətrafıma toplaşacaq. Ayın 8-dən etibarən artıq dostlar, tanışlar təbrik etməyə başlayır”.
B.Əşrəfov söylədi ki, ad günündə Azərbaycanın hər bir bölgəsindən təbrik eşidir: “Sağ olsunlar, məni çoxları sevir. Mənə istər dövlətin, istərsə də insanlar münasibəti göz qarşısındadır. Bunu deməyə ehtiyac yoxdur”.
B.Əşrəfovdan hədiyyələrə olan münasibətini də öyrəndik.
Əməkdar artist qeyd etdi ki, ürəkdən gələn səmimi sözlərə daha çox üstünlük verir: “Sözün düzü hədiyyələri çox xoşlamıram. Amma dostlar, tanışlar hədiyyə verirlər. Mən deyilən xoş sözləri daha çox sevirəm”.
Sədaqət SÜLEYMANOVA