Modern.az

İlham Əliyev xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib

İlham Əliyev xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib

6 Oktyabr 2011, 18:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul edib.
Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, İlham Əliyev konfrans iştirakçılarını salamlayıraq deyib:

- Çox şadam ki, ölkəmizdə toplaşmısınız. Bilirəm ki, bu cür görüşlər müntəzəm keçirilir. Mən çox şadam ki, bildiyimə görə, dost dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri arasında yaxşı qarşılıqlı anlaşma vardır, səylərin əlaqələndirilməsi mövcuddur və bu, çox vacibdir. Müasir dünyada informasiya mübadiləsi, təhlükələrin aradan qaldırılması üzrə əlaqələndirmə və birgə tədbirlər müstəsna əhəmiyyətə malikdir. Hər bir ölkənin təhlükəsizliyi dövlət üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, təhlükəsizliyi daha uğurla təmin etmək yalnız birgə səylərlə mümkündür.

Prezident İlham Əliyev dost ölkələrin xüsusi xidmət orqanları arasındakı qarşılıqlı fəaliyyətin gələcək təhlükələrə qarşı birgə mübarizədə uğurlu olacağına əminliyini bildirib. Dövlət başçısı müasir dünyada terror təhlükələrinə qarşı birgə mübarizənin xüsusi önəm daşıdığını vurğulayıb. Prezident İlham Əliyev əlaqələndirmə, informasiya mübadiləsi, qarşılıqlı yardım və dəstəyin xüsusi xidmət orqanları qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən olduğunu qeyd ediv.

Azərbaycan Prezidenti deyib:

- Əminəm ki, Bakıda keçirilən görüş sizin əlaqələrinizi daha da möhkəmləndirəcəkdir. Bu, bizim regionda sülhün möhkəmləndirilməsinə, vətəndaşlarımızın təhlükəsizliyinə, ölkələrimizin sabit inkişafına xidmət edəcəkdir. Sizə uğurlar, yaxşı iş və yaxşı nəticələr arzulayıram.

Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidan bu tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlıq edib. Bildirib ki, bölgədə mövcud olan təhlükələrin birgə əməkdaşlıq şəraitində aradan qaldırılmasında xüsusi xidmət orqanlarının əməkdaşlığı faydalıdır və əlaqələr gücləndikcə bu təhlükələr də zəifləyir. Hakan Fidan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçına çatdırıb.

Prezident İlham Əliyev onun da salamlarını Türkiyə hökumətinin başçısına çatdırmağı qonaqdan xahiş edib.

Azərbaycan tərəfinə gözəl qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Nurtay Abıkayev bildirib ki, bütün səylər regionda mövcud olan təhlükələrin aradan qaldırılması üçün qarşılıqlı fəaliyyətə yönəlib. Bir neçə il bundan əvvəl Bakıda olduğunu, ötən müddətdə paytaxtımızda böyük inkişafın yaşandığını, budəfəki səfəri zamanı bütün bunların şahidi olduğunu deyən Nurtay Abıkayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı Nursultan Nazarbayevin salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev bir daha ölkələrimizin xüsusi xidmət orqanları arasında səmərəli əməkdaşlığa toxunub. Dövlət başçısı mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün səylərin səfərbər olunmasının vacibliyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bu məsələdə qarşılıqlı fəaliyyətin önəmini vurğulayıb və regiondakı təhlükələrə qarşı birgə mübarizənin əhəmiyyətinə toxunub. Azərbaycan Prezidenti bir daha Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Bakıda keçirilən 14-cü iclasının işinə uğurlar arzulayıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə