Milli Məclisdə gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafanın “büdcə layihəsi iqtisadi deyil, siyasi-ideoloji sənəddir” fikrinə münasibət bildirən deputat Siyavuş Novruzov qeyd edib ki, “bəli, bu həm də siyasi-ideoloji məsələdir. Siyasi-ideoloji məsələyə söykənərək büdcə formalaşdırılıb. İqtisadiyyatımız elə siyasi-ideoloji məsələdən sonra gəlir”.
Siyavuş Novruzov büdcə sənədinin ictimai müzakirəyə verilməməsi məsələsinə də toxunub. O qeyd edib ki, büdcə sənədi “Siyasi partiyalar haqqında” qanun deyil ki, ictimai müzakirələr aparılsın.
““Yoxsa 60 nəfərin yığılıb müzakirə aparması ictimai müzakirə olacaqdı? Kimlərsə şou yaratmaq istəyir. Büdcə layihəsi müzakirə olunmazdan əvvəl Maliyyə Nazirliyinin saytında yerləşdirilmişdi. Əgər kimsə bu məsələ ilə bağlı münasibət bildirmək istəyirdisə öz təkliflərini göndərə bilərdi. Bununla kimsə xalqı yıxmaq istəyirsə, bu olmayacaq”.
“Bundan əlavə, burada qeyd edildi ki, büdcədə investisiya xərcləri göstərilib, amma investisiya xərclərindən gəlir götürülmür. Məsələn, yol çəkilir, məktəb, körpü tikilir. Bütün bunlar, təbii ki, xalqın təlabatını ödəyən məsələlərdir. Onda biz məktəb tikməyək ki, gəlir götürmürük. Yol çəkməyək ki, bundan xalq keçməsin. Hesab edirəm ki, bu yanlış yanaşmadır”-deyə S.Novruzov əlavə edib.
Modern.az