Dünən Atatürk Mərkəzində istedadlı söz və qələm əhli, Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Mənzərə Sadıqovanın bu günlərdə işıq üzü görmüş “YaşaM” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, tanınmış ziyalılar, elm adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər. Tədbirin aparıcısı və sözügedən kitabın redaktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki , həyatda elə yazarlar, elə jurnalistlər, elə alimlər var ki, onların yaradıcılıqları tərcümeyi-halları ilə bağlı olur: “Səthi deməzdim,amma onlar diqqətlərinin daha çox istedadlarına, sənətkarlıqlarına ayırırlar. Bu gün kitabının təqdimat mərasiminə yığışdığımız Mənzərə xanım isə həm sözün əsl mənasında sənətkardır, həm də yazdıqları onun, eləcə də,dövrümüzün tərcümeyi-halından keçən yazıladır. Mənzərə xanım jurnalist olmaqla yanaşı, həm də yazıçıdır, bir az da şairliyi var, onun yazılarında dramatizm də mövcuddur. Yəni, bu xanım çox istedadlı bir qələm əhli, yazar, alim, hətta, dövlət qulluqçusudur”.
Millət vəkili Qənirə Paşayevanın qeyd etdiyinə görə, bu gün əslində Mənzərə xanımı tanıyanların, onu sevənlərin sevindiyini bir gündür: “Çünki belə bir kitabı ərsəyə gətirib, oxucuların ixtiyarına verib. Bu kitabın ən mühüm məqamlarından biri odur ki, burada önun-Mənzərə xanımın özünü görmək olur. Burada vətəndaş Mənzərə xanım, şəxsiyyət Mənzərə xanım, yazar, qələm əhli Mənzərə xanım , insan Mənzərə xanım öz əksini tapıb. Eyni zamanda bu kitabın ən üstün cəhətlərindən biri də odur ki, burada tarix mövcuddur. O tarix ki, bu günkü gənc nəslimiz də, gələcək nəsillərimiz də onu oxumalıdırlar. Bu tarix indiki Ermənistan adlanan, əslində qədim Azərbaycan torpaqları olan bir ərazinin insanları- öz doğma yurdlarından qaçqın, didərgin düşmüş soydaşlarımızın keçmişi, mədəniyyəti,ədəbiyyatı, mənəviyyatı ilə bağlıdır. Ona görə xüsusilə, gənclərimiz bu kitabı əl-əl oxumalıdırlar”.
Deputat Jalə Əliyeva cəmi bir neçə gün ərzində tanış olduğu adıcəkilən kitabın əslində müəllifin özünün bütövlükdə həyatının mənzərəsini əks etdirdiyini bildirib: “Bu kitab bir neçə gündür ki, mənim əlimdədir və onunla hələ tam tanış olmamışam. Amma qısa müddət ərzində oxuduqlarımdan və müşahidələrimdən belə bir nəticə hasil olub ki, burada müəllifin 30 ilə yaxın bir dövr ərzində sevə-sevə, çox böyük həssaslıqla qələmə aldığı müxtəlif yazıları, məqalələri, müsahibələri, şeirləri, publisistikası bir yerdə toplanıb. Burada qələmə alınan sözlər sıradan, gəlişi sözəl sözlər deyil. Bu sözlərin, cümlələrin, ifadələrin arxasında müəllifin duyğuları, ürək çırpıntıları dayanır. O, özü də hər zaman alışdığımız şəkildə deyil, məhz özünəməxsus tərzdə fikirlərini, ürək çırpıntılarını oxuculara təqdim edir. Bu kitab deyərdim ki, onun bütövlükdə, geniş anlamda həyatının mənzərəsidir”.
Müəllifin özü isə 14 dekabr 2011-ci il tarixinin onun ömrünə ən xoşbəxt gün kimi yazıldığını bildirib: “Bu xoşbəxtliyin səbəbkarı isə sizlərsiniz- buraya toplaşanlar, sürətlə axıb gedən zamanlarından mənə par ayıranlardır. Məhz bu insanlar, bura toplaşanlar ruhuma ruh qatdınız, məni bir daha yazmağa ruhlandırdınız. Buna görə hamınıza təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, tədbirdə həmcinin, professor Nadir Məmmədli ,tanınmış jurnalistlərdən Qədir Aslan, Mətanət Ağamirli və digərləri çıxış edərək müəllif və kitab barədə öz səmimi fikirlərini bölüşüblər.
Modern.az