Son illər İranın başda ABŞ olmaqla Qərb dövlətlərilə münasibətləri get-gedə gərginləşir. ABŞ İran müharibəsinin başlana biləcəyinə dair xəbərlərin tez-tez dünya mediasının gündəmini zəbt etməsi fonunda ölkəmizə cənub qonşumuzdan gələnlərin sayında artım müşahidə olunur.
Bəzi məlumatlara görə, daşınmaz əmlak bazarında, digər əcnəbilərlə müqayisədə, son bir ildə Bakıda ev alan İran vətəndaşlarınım sayı xeyli artıb.
Araşdırmalar göstərir ki, bu proses indi də davam edir. Modern.az saytı məsələ ilə bağlı Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyin rəhbəri Əlövsət Əliyevdən münasibət öyrənib. Əlövsət Əliyev bildirib ki, İrandan Azərbaycana gələnlər miqrant kimi yaşasalar da, qeydiyyata düşmurlər.
“Bu səbəbdən də onların dəqiq qeydiyyatının aparılması və əvvəlki illərdə gələnlərlə bu il gələnlərin sayının müəyyənləşdirməsi olduqca çətindir.
Ümumi vəziyyətin təhlili göstərir ki, uzun illər zamanı ABŞ - İran münasibətlərinin son dərəcə gərginləşməsi və İrana hücumla bağlı informasiyaların intensivləşməsi yenə də cənub qonşumuzun vətəndaşlarını narahat etməyə başlayıb. Bunun nəticəsi İrandan Azərbaycana gələnlərin sayına öz təsirini göstərib və gəlməli olanlar gəlib. İrandan Azərbaycana daha çox gələnlər iş adamlarıdı. Eyni zamanda İrandan Azərbaycana gələnlərin, Azərbaycanda daimi yaşamaq üçün gələnlərin sayı artıb. Bu adamların hamısı müvafiq sənədlərlə təmin olunmadıqları üçün və lazımi icazəni ala bilmədiklər üçün Azərbaycanda yaşamaq hüququnu əldə edə bilmirlər. Ümumilikdə isə götürəndə əvvəlki illərlə müqaisə etsək bu il İrandan Azərbaycana gələnlər 6 faiz çoxalıb”.
Mail Ağaxanov