Modern.az

Milli Məclisdə yeni qanun layihəsi: Azərbaycanda10 minə yaxın dağınıq skleroz xəstəsi varmış

Milli Məclisdə yeni qanun layihəsi: Azərbaycanda10 minə yaxın dağınıq skleroz xəstəsi varmış

Təhsil

15 Dekabr 2011, 14:12

Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib. İclasda iki məsələ - “Sosial xidmət haqqında” qanun layihəsinin 3-cü oxunuşa təıqdimatı və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin ilkin variantı müzakirə olunub.

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsində göstərilir ki, bu sənəd Azərbaycan Respublikası  Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin birinci bəndinə əsasən, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını nəzərdə tutur, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsində qeyd olunur ki, dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çoxocaqlı pozulması ilə müşayiət olunan, irəliləyən, gedişli xroniki xəstəliyə deyilir.

Qanun layihəsində daha sonra göstərilir ki, bu xəstəliyə tutulub, əmək qabiliyyətini itirən şəxslər dövlət tibb və sosial müdafiə müəssisələrində pulzus tibbi və sosial yardımlar ala bilərlər.

Həmçinin, bu xəstəliyə tutulmuş 18 yaşına çatana qədər sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş və bu yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin olunur.

Komitənin sədri Hadi Rəcəbli bildirib ki, ilk əvvəllər bu xəstəliyi skleroz xəstəliyi ilə eyniləşdirirdi.

“Amma sonradan bildim ki, bunlar fərqli xəstəliklərdir”.

H.Rəcəbli bildirib ki, dünyada 2,5 milyona yaxın insan bu xəstəliyin daşıyıcısıdır. Azərbaycanda isə qeyri-rəsmi statistikaya görə, bu xəstəliyin daşıyıcılarının sayı 10 minə yaxındır.

Səhiyyə Nazirliyinin mütəxəssisi Rövşən Həsənov bildirib ki, bu xəstəlik insanların erkən yaşlarında başlayır və 18 yaşında daha da şiddətlənərək, 20 yaşında həmin insanların tamamilə əqli və fiziki imkanlarının itirilməsi ilə nəticələnir.

Onun sözlərinə görə, bu xəstəliyin mənbəyi ilə 20-ə yaxın nəzəriyyə mövcud olsa da, onun hələlik hansı səbəbdən törənməsi tam məlum deyil.

“Bu xəstəlik daha çox şimal ölkələrində yayılmaqdadır. Azərbaycan isə orta risk qrupuna daxildir. Yəni 100 min adama 10-15 belə xəstə düşür. İndiyə qədər bu xəstəliklə bağlı dövlət proqramı, qanun layihəsi olmadığı üçün xəstəliyin rəsmi statistikası, eyni zamanda ölüm halları tam müəyyən olunmayıb. Təxminən iki ilə yaxındır ki, biz özümüz bununla məşğul oluruq. 2010-cu ildə bu xəstəliklə bağlı 30 nəfər müraciət edib. Ona görə Azərbaycanda bu xəstəliyin daşıyıcılarının sayı və onlar arasında ölənlərin sayı ilə bağlı tam dəqiq məlumat deyə bilmərik”.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olundu.

“Sosial xidmət haqqında” qanun layihəsi barədə danışan H.Rəcəbli qeyd edib ki, bu barədə cəmiyyətdə ciddi müzakirələr gedib.

“Artıq bu sənəd iki oxunuşdan keçib və üçüncü oxunuş üçün tam hazırdır”.

Sənəd müzakirələr aparılmadan Milli Məclisin plenar iclasına tövsiyə edildi.


Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi