Mərkəzi Seçki Komissiyası (MSK) Ziyalılar Forumunun lideri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun adının seçici siyahısında olmamasına aydınlıq gətirib. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Modern.az-a açıqlamasında bildirib ki, kimliyindən aslı olmayaraq, adı seçici siyahısına düşməyən istənilən şəxs qurumun “Qaynar xətt”inə müraciət etməlidir.
“Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatmayıb. Siyahının dəqiqləşdirilməsi prosesi may ayının sonuna qədər davam edir. Mayın sonunda bu, ictimailəşdiriləcək. İkinci bir tərəfdən qeyd etmək istərdik ki, seçici siyahısının dəqiqləşdirilməsi prosesi dünyanın heç bir yerində ideal formada deyil. 3-5 faiz qüsur ola bilər. Amma bizim praktikamızda heç 1 faiz belə, xəta olmayıb. Ola bilər kiminsə yerdəyişməsi ilə bağlı, digər hər hansı bir səbəbdən adı seçici siyahısına düşməsin. Amma bundan ötrü MSK-nın “Qaynar xətt”i fəaliyyət göstərir. Kimin adı siyahıda yoxdur, bu problemi düzəltmək olar. Kiminsə, nədənsə narazılığı varsa, bunu MSK-ya bildirməlidir. Bizim üçün fərqi etməz seçici kimdir, çalışırıq hamının adı bir nəfər kimi siyahıda olsun”, –deyə A. Sarıyev vurğulayıb.
Anar RÜSTƏMOV