Modern.az

Mövlud Çavuşoğlu Milli Məclisdə görüşlər keçirib (yenilənib)

Mövlud Çavuşoğlu Milli Məclisdə görüşlər keçirib (yenilənib)

Təhsil

14 Aprel 2010, 13:19

Ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Milli Məclisin bu təşkilatdakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropanın 47 ölkəsini əhatə edən mötəbər bir beynəlxalq təşkilatın rəhbəri olan türk vətəndaşını Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O bildirib ki, qardaş ölkənin nümayəndəsinin belə bir təşkilata rəhbərlik etməsindən bütün türk dünyası qürur duyur.  “Əminik ki, Türkiyə ilə Azərbaycanın AŞPA-dakı əməkdaşlığı bundan sonra yeni mərhələyə qədəm qoyacaq və daha yaxşı nəticələr verəcək”.

M. Çavuşoğlunun AŞPA-da obyektiv və ədalətli şəxs kimi tanındığını deyən S. Seyidov onun məhz bu yüksək keyfiyyətləri sayəsində belə məsul vəzifəyə  seçildiyini xüsusi vurğulayıb. Qeyd edib ki, türk vətəndaşının AŞPA-ya sədrlik etməsi Azərbaycanın hüquqlarının bu beynəlxalq təşkilatda daha yaxşı qorunacağına, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın pozulan haqlarının və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına böyük ümidlər yaradır. 

Sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin üzvü Əli Hüseynov, nümayəndə heyətinin üzvləri Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Sabir Hacıyev çıxış edərək AŞPA-nın yeni sədrinin türk vətəndaşı seçilməsini Türkiyədə gedən demokratikləşmə prosessinə verilən qiymətin təzahürü kimi dəyərləndirib, onun rəhbərliyi dövründə Avropa dəyərlərinin daha çox yayılmasına, əlaqlərimizin genişlənməsinə, Avropa Şurasının qərarlarının, o cümlədən 2005-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş 1416 saylı qətnamənin həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Mövlud Çavuşoğlu yenidən Azərbaycanda olmasında məmnunluğunu bildirib, təşkilata sədr seçilməsi zamanı göstərilən dəstəyə görə minnətdarllıq edib.

AŞPA-nın sədri kimi gələn ay Ermənistana, sonra isə Rusiyaya və Gürcüstana, eləcə də digər üzv dövlətlərə səfər edəcəyini vurğulayan M.Çavuşoğlu keçirəcəyi görüşlərdə, demokratikləşmə, insan haqları, eləcə də regional münaqişələrin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələlərini diqqət mərkəzində saxlayacağını bildirib.

O deyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ AŞPA-nın sabiq sədri Terri Devis tərəfindən gündəmə gətirilib. Ondan sonrakı sədr də bu məsələyə diqqət ayırıb. Biz də bu məsələni diqqət mərkəzində saxlayacağıq. AŞPA-nın siyasi komitəsində Dağlıq Qarabağla əlaqədar alt komitənin fəaliyyəti  məsələsi bu gün də aktuallığını saxlayır. Aprel ayında Ermənistan və Azərbaycan nümayəndə heyətləri rəhbərləinin görüşü nəzərdə tutulub. Biz münaqişənin həlli istiqamətində səylərimizi davam etdirəcəyik və mən bir sədr kimi üzərimə düşən bütün vəzifələri yerinə yetirəcəm. Ümid edirəm ki, bu istiqamətdə önəmli addımlar atılacaq”.

M.Çavuşoğlu onu da bildirib ki, Avropa Şurasına üzv ölkələr təşkilatın qərar və qətnamələrinin yerinə yetirilməsi barədə öhdəlik götürüblər. Təşkilat onların  bu qərarları yerinə yetirmələrinə, həmin ölkələrdə demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına nail olunmasına və Avropaya inteqrasiya məsələlərinə  köməklik göstərəcək.

***

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi