Modern.az xəbər verir ki, Prezident İlham Əliyev aprelin 14-də Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı yekun nitqində müxtəlif məsələlərə toxunub. Ölkə başçısı deyib ki, iqtisadi tədbirlər görülməklə, eyni zamanda, istehlak qiymətlərinə ciddi nəzarət etməklə süni qiymət artımının qarşısının alınması məsələləri daim diqqət mərkəzində olmalıdır. ”Hələ ki, iqtisadiyyatımızın müxtəlif sektorlarında işləyənlərin bir hissəsi qeyri-qanuni işləyir. Yəni maaşları qanuni şəkildə almır və beləliklə, həm vergilərdən yayınırlar, həm də bu proseslər istər-istəməz bugünkü real sosial vəziyyəti əks etdirmir. Çünki bu gün xüsusilə inşaat sektorunda, baxmayaraq ki, ciddi tədbirlər görülüb, hələ bu sahədə böyük nöqsanlar vardır. Elə etməliyik ki, həm bu sektorda və başqa sektorlarda – ticarət, ictimai-iaşə obyektlərində işləyən hər bir vətəndaş maaşı zərfdə deyil, qanuni şəkildə alsın, onun vergisini ödəsin”-deyə Prezident bildirib.
İlham Əliyev deyib ki, Azərbaycanda yoxsulluq səviyyəsi 11 faiz səviyyəsindədir Prezidentin sözlərinə görə, bu ilin sonuna qədər nəzərdə tutulmuş əsas investisiya, infrastruktur layihələri başa çatmalıdır: “Bu layihələr çox geniş sahələri əhatə edir. Bütün istiqamətlərdə yollar salınır. Bu il İpək yolu, yəni Bakı-Gürcüstan sərhədi yolu istismara verilməlidir. Bakı-Rusiya sərhədi yolu tamamlanmalıdır. Onun böyük hissəsi artıq tikilibdir, qalan hissələr başa çatmalıdır. Bakı-Şamaxı yolunun genişləndirilməsi nəzərdə tutulur. Bu yaxınlarda nəqliyyat naziri mənə məlumat vermişdir. Bu da çox vacibdir. Biz yolu yaxşı çəkdik, amma gərək genişləndirək, dördzolaqlı edək. Bu yolun davamı olan Şamaxı-Qəbələ yolunun böyük hissəsinin tikintisi bu il başa çatmalıdır və ondan sonra bu yol Balakənə qədər davam etməlidir”. Prezident deyib ki, rayondaxili yollar, kənd yolları da təmir olunmalıdır: “Bu sahə yerli icra orqanlarının sərəncamındadır. Onlara da lazımi səviyyədə vəsait verilməlidir ki, o işləri görsünlər. Eyni zamanda, bu işlər bələdiyyələrin xətti ilə görülməlidir. Əslində kənd yollarını bələdiyyələr inşa etməlidir. Azərbaycan dövləti bu funksiyanı öz üzərinə götürüb ki, məsələni tezliklə həll edək. Ancaq, bu, əslində bələdiyyənin işidir. Onlar yığılan vəsait hesabına kənd yollarını abad vəziyyətə salmalıdırlar və bu sahəyə dövlət nəzarəti daha da ciddi olmalıdır”. Ölkə başçısı deyib ki, Oğuz-Qəbələ-Bakı su kəməri bu il istismara verilməlidir. ”Keyfiyyətsiz malların satılmasına ciddi qadağa qoyulmalıdır, nəzarət gücləndirilməlidir. Son zamanlar bu nəzarət daha da güclüdür. Bunu biz də görürük, ictimaiyyət də görür. Bu, mətbuatda da işıqlandırılır. Keyfiyyətsiz idxal mallarına qarşı biz çox ciddi tədbirlər görməliyik, bir sədd qoymalıyıq ki, onlar Azərbaycana daxil olmasın. Azərbaycanda istehsal olunan keyfiyyətsiz mallara, o malları istehsal edənlərə qarşı ciddi tədbirlər görülməlidir. Bunu araşdırın. Bəlkə biz cəza tədbirlərini daha da sərtləşdirək. Çünki bu, insanların birbaşa sağlamlığına mənfi təsir göstərir. Zəhərlənmə halları baş verir və insanlar o işləri görənlərin ucbatından əziyyət çəkirlər. Ona görə idxala, keyfiyyət baxımından vaxtı keçmiş məhsulların Azərbaycana buraxılmamasına, yerlərdə saxta, yəni primitiv üsullarla hazırlanan qida məhsullarına çox ciddi nəzarət olmalıdır. Əlbəttə, bunu həm İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma Komitəsi icra etməlidir və yerli icra orqanları da bu işlərə çox ciddi dəstək verməlidirlər. Bu mallar rayon icra başçılarının, bələdiyyələrin, gözü qabağında satılır. Onlar dövlət qurumlarına, bilavasitə bu məsələ ilə məşğul olan qurumlara həm dəstək, həm də vaxtında siqnallar verməlidirlər”.
İlham Əliyev ekoloji problemlərdən də danışıb: "
Biz ciddi ekoloji tədbirləri görürük. İlk növbədə ona görə ki, ekoloji vəziyyətin yaxşı olmaması insanlara mənfi təsir göstərməsin. Təmiz hava, təmiz su, təmiz ətraf mühit - biz bütün bunları ona görə edirik ki, insanların sağlamlığını qoruyaq. Yəni, bu sahəyə ciddi diqqət göstərilməlidir. Bu ildən biz Avro-2 standartına keçirik. Hesab edirəm ki, bu da çox vacib addımdır. Mən şəxsən hesab edirəm ki, biz bu sahədə bir az gecikmişik. Bunu daha əvvəl etməli idik. Ancaq burada obyektiv səbəblər vardır. Neftayırma zavodlarımız uzun illərdir ki, fəaliyyət göstərir. Orada istehsal olunan yanacaq imkan vermirdi ki, biz Avro standartlarına daha da sürətlə keçək. Ancaq həm zavodların modernləşdirilməsi prosesi gedir, eyni zamanda, yeni neftayırma kompleksinin tikintisi nəzərdə tutulur. Biz elə etməliyik ki, dünyada, Avropada mövcud standartlara maksimum dərəcədə yaxın olaq. Avro-2-yə keçmək, sadəcə olaraq birinci mərhələdir. Biz elə etməliyik, Avropa İttifaqında bu sahədə olan standartlara maksimum dərəcədə yaxın olaq. Mütəmadi qaydada ekoloji monitorinq aparılmalıdır. Bu il geniş şəkildə ekoloji tədbirlər nəzərdə tutulur. Elə etməliyik ki, büdcədə bu məqsədlər üçün nəzərdə tutulan vəsait vaxtında verilsin”. İlham Əliyev deyib ki, Bakı buxtasının təmizlənməsi işləri də bu il ciddi aparılmalıdır. “Bakı buxtasına çirkab axıdan kanalizasiya xətlərində ciddi tədbirlər görülməlidir, təmizləyici qurğular tikilməlidir. İndi aidiyyəti orqanlar təkliflər hazırlasınlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu yaxınlarda mənə Bakı buxtasına çirkab axıdan xətlərin xəritəsini vermişdir. Bu, dözülməz bir haldır”. Prezident ölkənin qazlaşdırılması məsələsindən də danışıb. “Bəzi hallarda əsas yollarda görürsən ki, xətlər yerin altından deyil, üstündən salınıb, tağ kimi yolu bağlayıb. Çox bərbad mənzərədir. Ona görə göstəriş vermişəm ki, ehtiyac olan yerlərdə bütün o xətlər təzələnsin, yerin üstündən çəkilmiş xətlər yerin altına salınsın. Biz inkişaf etmiş ölkələrdə görə bilərikmi, borular yerin üstündən salınsın, bütün mənzərəni pozsun, küçəni bağlasın. Gedirsən bəzi rayonlara, orada xətt, burada xətt, bu dözülməzdir. Ona görə burada ən qabaqcıl təcrübə tətbiq edilməlidir. Dövlət Neft Şirkətinə bütün göstərişlər verilib. Onlar bu işi başlayıblar. Həm smartkart əsasında müasir sayğaclaşma sisteminin quraşdırılması, qaz xətlərinin yeniləşməsi, təzyiqin tənzimlənməsi və s. Bu proqram bir neçə il ərzində başa çatmalıdır. Biz proqramın icrası nəticəsində qazlaşdırmanı daha da artıracağıq və qaz təsərrüfatında həm uçot, həm də ki, bütün başqa məsələlər müasir səviyyədə təşkil ediləcəkdir”.