Modern.az

Qənirə Paşayeva: “Böyrəkköçürmə əməliyyatına ehtiyacı olan xəstələrin xərclərini dövlət qarşılasın”

Qənirə Paşayeva: “Böyrəkköçürmə əməliyyatına ehtiyacı olan xəstələrin xərclərini dövlət qarşılasın”

30 Sentyabr 2013, 16:00

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib ki, hazırda xroniki böyrək çatışmazlığından əziyyət çəkən və dializə ehtiyacı olan şəxslərə dövlət tərəfindən böyük dəstək göstərilir. Prezident cənab İlham Əliyevin tapşırığı əsasında regionlarda yüksək standartlara uyğun dializ mərkəzlərinin tikilərək istifadəyə verildiyini deyən millət vəkili Qənirə Paşayeva deyib ki, bu, xəstələrin bölgələrdən, kəndlərdən gəlib Bakıda dializ keçmələrində yaranan ciddi problemləri aradan qaldırdı: "O insanlar hər həftə 2-3 dəfə Bakıya gəlməli və prosedur bitdikdən sonra bir çox çətinliklərlə evlərinə dönmək məcburiyyətində idilər. Bəzilərinin Bakıda qalacaq yeri yox idi, bəziləri isə bölgələrdən gəlmək üçün çətinliklərlə üzləşirdilər. Bölgələrdə cənab Prezident İlham Əliyevin iştirakı ilə açılan dializ mərkəzləri bu istiqamətdə problemləri həll etdi və insanlar dövlət hesabına pulsuz dializ almaq imkanına malikdirlər".

Millət vəkili Qənirə Paşayeva onu deyib ki, uzun illər dializlə yaşamaq xəstələr üçün çox çətindir, bəzilərinin səhhəti daha da pisləşir. Bu problemin ən yaxşı həll yolu böyrək köçürmə əməliyyatının həyata keçirilməsidir.
”Böyrək köçürmə əməliyyatı isə ucuz deyil, təxminən 10-12 min manat arasındadır. Dövlət bir  xəstənin pulsuz dializ ala bilməsi üçün ildə 16 min manat sərf edir, yəni böyrək köçürmə əməliyyatı xərcləri 1 illik dializ xərclərindən daha ucuzdur. Nəzərə alsaq ki, böyrək çatışmazlığı olan xəstələr illərlə dializlə yaşamağa məhkumdurlar, onlara pulsuz böyrək köçürmə əməliyyatının həyata keçirilməsi həm xəstələrin sağlamlıqlarına tam şəkildə qovuşması üçün önəmli olduğu kimi, dövlət büdcəsi üçün daha az vəsait sərf etməklə, xəstələrə daha çox və daha yaxşı kömək etmək imkanı verər”.

Qənirə Paşayeva təklif edib ki, 2011-2015-ci illərdə xroniki böyrək xəstələrə dəstəklə bağlı proqramda böyrəkköçürmə əməliyyatını istəyən və donor tapan xəstələrə bu əməliyyat pulsuz aparılsın. Daha doğrusu, onların illərlə dializinə yönləndirilən vəsaitin bir hissəsi ilə bu proses həyata keçsin. Xroniki böyrək xəstələri arasında bu təkliflə ona müraciət edənlərin olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu təklifin reallaşması yüzlərlə ailənin sevincinə səbəb ola bilər və ölkəmizin bu cür xəstələrə qayğısının bir daha göstərər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?