“Prezident seçkiləri Azərbaycan vətəndaşları üçün çox əhəmiyyətli siyasi təsirdir”. Bunu Modern.az-a açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli prezident seçkiləri ilə bağlı mövqeyini bölüşərkən deyib. O, qeyd edib ki, ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də seçkilərə böyük önəm verir. Partiya sədrinin sözlərinə görə, Azərbaycandan kənarda yaşayan soydaşlarımız seçki prosesinə diqqət yetirir.
“Seçki kampaniyası normal, azad, ədalətli, demokratik bir şəraitdə gedir. Şəffaf seçkilərin keçirilməsi üçün Azərbaycan dövləti hər bir şərait yaradıb. Qanunvericilik bazası da təqdirəlayiqdir. Artıq Azərbaycanın azad, ədalətli, oturuşmuş seçki ənənəsi mövcuddur”.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanda ictimai-siyasi sabitliyin də mövcudluğu seçki gedişatını normal məcraya yönəldir.
Prezident seçkisi nəticələrinin proqnozlarını şərh edən M. Səfərlinin fikrincə, ən şanslı namizəd hazırkı dövlət başçısı İlham Əliyevdir.
“Digər namizədlər ölkə rəhbəri, YAP-ın namizədi İlham Əliyevlə rəqabət apara biləcək səviyyədə deyillər. İlham Əliyev seçkilərin favoritdir. O bu nüfuzunu səmərəli, effektiv, savadlı, parlaq və gərgin fəaliyyəti nəticəsində əldə edib. Hansı prizmadan yanaşsaq, görərik ki, prezident İlham Əliyevin gördüyü işlər göz önündədir. İlham Əliyevin uğurlu fəaliyyəti onun seçkilərdə qalib gələcəyi fikrini söyləməyə əsas verir”.
M. Səfərli bildirib ki, Yurddaş Partiyası da İlham Əliyevin namizədliyinin təbliği istiqamətində işlər aparır. Partiya rəhbəri xalqın seçkilərdə aktivlik göstərməsi məsələsinə də toxunub. “Azərbaycan xalqı savadlı, öz taleyini düşünəndir. Bu mənada Azərbaycan xalqı kifayət qədər aktivdir. Dünyanın bir çox ölkələrində böhran baş verir. Bu böhran fonunda həmin ölkələrdə keçirilən seçkilərdə demək olar ki, vətəndaşlar passivdirlər. Azərbaycanda isə əhali çox fəaldır”, – deyə M. Səfərli vurğulayıb.
Aqşin Kərimov