Modern.az

Azərbaycanda əmək pensiyaçılarının 342 373 nəfəri ahıllardır

Azərbaycanda əmək pensiyaçılarının 342 373 nəfəri ahıllardır

1 Oktyabr 2013, 16:16
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda 1 oktyabr Beynəlxalq Ahıllar Günü ilə bağlı bir qrup ahıl pensiyaçılarla görüş keçirilib. Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində, ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artır, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və onların pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ahıl pensiyaçıların problemləri daim diqqət mərkəzində saxlanılır və onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla (plastik kartlarla bankomatlardan və ya POS-terminallardan) ödənilməsi üçün bütün imkanlardan istifadə edilir.

Hazırda kənd yerlərində yaşayan və pensiya ödənişi aparılan pensiyaçıların 98,8%-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,5%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 701, o cümlədən kənd və qəsəbələrdə 159 bankomat fəaliyyət göstərir.

DSMF sədri nəzərə çatdırıb ki, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 7 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib. Pensiyaların artırılması istiqamətində görülən davamlı tədbirlər bütün ahıl pensiyaçıların yoxsulluq səviyyəsindən yuxarı olan pensiya məbləğləri almalarına gətirib çıxarıb. Hazırda bu qəbildən olan vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 190 manat təşkil edir.

S.Müslümov bildirib ki,  30.09.2013-ci il tarixə olan operativ məlumatlara əsasən, Azərbaycanda əmək pensiyaçılarının 342 373 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207 269 nəfəri qadın, 135 104 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 259 724 nəfəri 70-80 yaş arası, 75 648 nəfəri 80-90 yaş arası, 7001 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır. S.Müslümov görüşdə iştirak edən ahıl pensiyaçıların əmək fəaliyyətləri dövründə respublikamızın ayrı-ayrı sahələrinin inkişafına xüsusi xidmətlər göstərdiyini önə çəkərək, onların keçdiyi həyat yolunun gənc nəsil üçün bir örnək olduğunu vurğulayıb.

S.Müslümov onlara can sağlığı arzulayaraq, ən xoş arzularını çatdırıb. Eyni zamanda onları maraqlandıran məsələlərə aydınlıq gətirib. Öz növbəsində pensiyaçılar son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində mühüm qərarlar qəbul olunduğunu qeyd ediblər və bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar. Görüşdə pensiyaçılara xatirə hədiyyələri təqdim olunub. 






Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?