Gürcüstan rəhbərliyi Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı birmənalı mövqe ortaya qoyub. Bu ilin oktyabr ayında postunu təhvil verəcək prezident Mixail Saakaşvili müsahibələrində prezident İlham Əliyevin hakimiyyətini dəstəklədiyini dəfələrlə bəyan edərək, ölkəmizdə görülən işləri təqdir edib.
Azərbaycan prezidenti ilə yaxın dostluq əlaqələrində olan Saakaşvilinin müxalifətə münasibəti heç də xoş görünmür. Onun Azərbaycanda hakimiyyət dəyişikliyini istəmədiyi çıxışlarından da sezilir.
Saakaşvilinin komandasında təmsil olunan deputat Azər Süleymanov da gürcü prezidentin mövqeyini təsdiq edərək Azərbaycanın müxalifət namizədlərinin Gürcüstanda çox az sayda tərəfdarı olduğunu deyib.
Deputat Azərbaycan müxalifətini Gürcüstanda yaşayan soydaşlarımızın problemlərindən siyasi kart kimi istifadə etməkdə suçlayıb.
A.Süleymanovun fikrincə, müxalifət liderləri indiyədək bir dəfə də olsa azərbaycanlıların problemləriylə maraqlanmayıb.
“Gürcüstan vətədanşı olaraq Azərbaycanın daxili işinə qarışa bilməsək də, orada yaşayan soydaşlarımızın gələcəyi bizi də düşündürür. Biz doğrunun, düzgünün tərəfindəyik. Bu gün Azərbaycanda müxalifətin seçkiqabağı təşviqatını izləyirik. Onlar Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini gündəmə gətirərək özlərinə əlavə divident qazandırmaq istəyirlər. Bu bizi narahat edir və buna etirazımızı bildiririk. Əgər seçkiqabağı dövrdə Gürcüstan azərbaycanlılarının taleyi sizi maraqlandırıbsa, nə üçün bu 10 il ərzində bir dəfə də bizimlə maraqlanmamısınız. İndi bu, seçkiyə görə yada düşüb?
Buna görə biz İlham Əliyevin prezidentliyindən razıyıq. Yenə onun seçilməsini istəyirik”.
Xatırladaq ki, Milli Şuranın Gürcüstana səfəri M.Saakaşvilinin qəzəbinə səbəb olmuşdu. Milli Şura üzvlərinin Rüstəm İbrahimbəyovla görüşünü şərh edərkən gürcü Saakaşvili müxalifətin bu birliyinin Rusiya ilə bağlı olduğunu demişdi.
“Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir andır"-deyə Saakaşvili aylar öncə Milli Şuraya qarşı olduğu bəyan etmişdi.
Anar RÜSTƏMOV