Bu gün hər birimiz üçün böyük əhəmiyyət daşıyan seçkilər ərəfəsindəyik. Seçmək və seçilmək bizim üçün yeni deyil. Bu gün dünyada söz və güc sahibi olan qüdrətli dövlətlərin bir çoxundan da əvvəl hələ 1918-ci ildə ilk Respublikamız – Azərbaycan Xalq Cümhuriyyəti istisnasız olaraq cəmiyyətimizin bütün üzvlərinə seçmək və seçilmək hüququnu bəxş etmişdi. Bu böyük xoşbəxtlikdir və biz bu gün də həmin dövrdə qazandığımız bu böyük nailiyyətlə fəxr edirik. Lakin sonrakı 70 il ərzində seçki haqqında təsəvvürlərimiz, seçkilərə münasibətin özü sovet kommunist idarəçiliyi tərəfindən o qədər təhrif olunmuşdur ki, onilliklər ərzində xalqımız öz seçiminin deyil, onun üçün edilən seçimin fəlkətlərini yaşamağa məcbur olmuşdur.
Artıq 20 ildir ki, yenidən qovuşduğumuz müstəqillik hər bir vətəndaşın seçmək və seçilmək hüququnu özünə qaytarıb. Biz yenə də öz gələcəyimizi özümüzü seçir və nəticələrindən də özümüz faydalanırıq. Bu tarixin Azərbaycana xalqına yenidən bəxş etdiyi ən böyük xöşbəxtlikdir. Bu gün yenə seçkilər ərəfəsindəyik. Öz müqəddəs hüququndan istifadə edən 10 namizəd xalqa öz xidmətini təklif edir, növbəti 5 ildə dövlətimizi daha qüdrətli, xalqımızı daha xoşbəxt gələcəyə qovuşduracağını vəd edir. Başa çatmaqda olan təbliğat-təşviqat müddəti və exit-polların ilkin nəticələri onu göstərir ki, vətəndaşların böyük əksəriyyəti artıq öz seçimini etmişlər və bu seçim İlham Heydər oğlu Əliyevdir.
Niyə seçicilərin çoxu məhz İlham Əliyevə səs verəcək? Cəmiyyətin fərqli fikir və əqidə cərəyanlarının təmsil edən namizədlərlə müqayisədə İlham Əliyevin bu fenomenal üstünlüyünü seçici nədə görür?
Ilk növbədə ona görə ki, İlham Əliyev prezidentliyi dövründə özünün insanpərvər, humanist və eyni zamanda olduqca təvazökar bir rəhbər olduğunu nümayiş etdirmişdir. O bütün çıxışlarında apardığı siyasətin mərkəzində məhz insan amilinin dayandığını bəyan edir. İlham Əliyev ölkənin təbii sərvətlərindən əldə olunan kapitalın insan kapitalına çevirməyin zəruri olduğunu, bu sərvətlərin Azərbaycan vətəndaşının rifah halının yüksəldilməsinə xidmət etməyə yönəldilməsinin zəruriliyini bəyan edən ilk prezidentdir. Vətəndaş öz insanına, öz vətəndaşına bu cür qayğı ilə yanaşan bir namizədə-İlham Əliyevə səs verib onu yeni müddət üçün prezident seçəcək.
İlham Əliyev insanpərvər olduğu qədər də təvazökar bir rəhbərdir. O öz hakimiyyəti illərində əldə olunan bütün nailiyyətlıəri özünün və ya hakimiyyət komandasının adı ilə deyil, məhz Azərbaycan xalqının, Azərbaycan vətəndaşının adı ilə bağlayır. O bəyan edir ki, bu qələbələr, bu möhtəşəm nailiyyətlər, məhz Azərbaycan xalqının gücü, iradəsi , zəkası və müdrikliyi sayəsində mümkün olmuşdur. Belə bir təvazökar liderin yenidən prezident seçilməyə böyük mənəvi haqqı var və bu haqqın dəyərini seçicilər ona 9 oktyabr seçkilərində səmimiyyətlə verəcək.
İlham Əliyev çevik, qətiyyətli və cəsarətli bir siyasətçidir. İkincici prezidentliyi dövründə bütün dünyanı sarsıdan iqtisadi böhran məhz onun çevik siyasəti nəticəsində Azərbaycan vətəndaşından yan keçdi. Bütün dünyada, ən inkişaf etmiş öllkələrdə belə yüz minlərlə iş yeri ixtisar olunduğu halda , Azərbaycanda 1milyondan artıq iş yerləri açıldı, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib oldu. Dünyanın ən güclü iqtisadiyyatına malik olan dövlətlər öz vətəndaşlarına söz verdiyi sosial ödənişləri azaltdığı bir zamanda İlham Əliyev höküməti öz vətəndaşlarının həyat şəraitini və sosial durumunu günü gündən yaxşılaşdırmağa nail oldu. Dünyanın ən zəngin ölkələri iri maliyyə tutumlu layihələrini, o cümlədən kosmik proqranlarını dondurduğu bir vaxtda gənc Azərbaycan dövləti özünün ilk peykini kosmik fəzaya qaldıra bildi və bu gün Yer kürəsi ətrafında dövr edən Azərspace peyki hər bir Azərbaycanlı üçün qürur mənbəyidir. Azərbaycan seçicisi bu qüruru, bu fəxarəti ona və bütün Azərbaycan xalqına yaşadan müdrik siyasətin müəllifinə - İlham Əliyevə səs verəcək.
Yaşadığımız region geo-siyasi baxımdan olduqca dinamik və mürəkkəb bir regiondur. Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan gənc Azərbaycan dövləti ətrafımızda yerləşən, bəzən hətta bizdən çox-çox uzaqlarda yerləşən dünyanın güc sahibləri tərəfindən fasiləsiz təzyiqlər şəraitində öz müstəqilliyini qoruyub saxlamaqdadır. Azərbaycan dünya miqyasında özünün heç kimdən asılı olmayan, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edən müstəqil siyasətini aparır. Bütün dünya Azərbaycanlıları öz dövlətinin yeritdiyi müstəqil siyasətlə fəxr edir. Buna görə də hər bir seçici öz səsini belə cəsarətli və qətiyyətli bir siyasətin müəllifi olan İlham Əliyevə verəcək.
İlham Əliyev artıq sübut etmişdir ki, o Söz və Əməl sahibidir. Xalq qarşısında verdiyi bütün sözlərin hamısına öz prezidentliyi dövründə layiqincə əməl edir. Hələ birinci prezidentliyi dövründə ölkədə kütləvi işsizliyin və yoxsulluğun hökm sürdüyü ağır bir zamanda 600 min iş yeri açılacağına söz vermişdi. Hamımız şahid olduq ki, Ilk 5 il ərzində 640 min iş yeri açıldı və ölkədə yoxsulluğun səviyyəsi kəskin surətdə aşağı endirildi. 2-ci prezidentliyi dövründə ölkəmizdə bir dənə də olsun qaçqın düşərgəsinin qalmayacağına söz verən İlham Əliyev bu vədini də layiqincə yerinə yetirdi. Dözülməz şəraitdə məskunlaşmış qaçqın soydaşlarımız layiqli yaşam tərzi ilə təmin olundular. Bütün bu və bu kimi digər möhtəşəm əməlləri ilə İlham Əliyev hakimiyyəti artıq Xalq və Hakimiyyət vəhdətinin rəmzinə çevrilmişdir. Bu vəhdəti, bu birliyi qoruyub saxlamaq naminə vətəndaş məhz İlham Əliyevə səs verəcək.
Bu gün də İlham Əliyev öz zəkası, yüksək xarizmatik keyfiyyətləri ilə düşünülmüş, ölçülüb-biçilmiş layihələr və proqramlar əsasında Azərbaycan vətəndaşının daha yüksək rifah səviyyəsinə çatması, daha xoşbəxt yaşaması üçün yorulmadan çalışır. Hələ 2 –ci prezidentliyi dövründə “Azərbaycan – 2020: Gələcəyə baxış” Konsepsiyasını irəli sürən İlham Əliyev yaxın 10 il müddətində Azərbaycanımızı dünyanın ən inkişaf etmiş ölkələri sırasına qoşmaq əzmindədir. Belə bir gələcəyə, belə bir yüksək rifah cəmiyyətinə qovuşmaq üçün seçici heç bir tərəddüd etmədən belə yüksək idealların carçısı olan İlham Əliyevə səs verəcək və nöbəti 5 il üçün məhz İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçəcək.
Bu seçim haqlı seçimdir. Haqqı olana haqq borcunu qaytarmaq isə hər bir insanın şərəf və məsuliyyət borcudur. Şərəfli və məsuliyyətli Azərbaycan xalqına uğurlar arzusu ilə,
Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili