Ukraynalı hüquqşünas-alim Aleksandr Merejko “Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq” (“Проблема Нагорного Карабаха и международное право”) adlı kitab yazıb. 7 fəsildən ibarət kitabda öncə sovet hüquq sistemində Azərbaycan və Dağlıq Qarabağın hüquqi statusu nəzərdən keçirilir. Bundan sonra münaqişə bölgəsi olan əraziyə beynəlxalq hüquq, o cümlədən beynəlxalq hüququn başlıca sayılan xalqlar və millətlərin öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü, sərhədlərin dağılmazlığı, dövlətlərin suveren bərabərliyi, beynəlxalq münasibətlərdə güc tətbiqetməmə prinsipləri müstəvisində baxılır. Tədqiqat beynəlxalq sənədlər, beynəlxalq hüquq doktrinası təməlində də aparılır.
Modern.az saytı xəbər verir ki, kitabda Qarabağla bağlı bütün hüquqi normativ sənədlər, qətnamələr, qərarlar öz əksini tapıb.
Ermənistanın Dağlıq Qarabağla bağlı iddialarının əsassızlığını təsdiqləyən A.Merejko neytral mövqedən çıxış edərək, Ermənistan və Azərbaycan xalqlarını təmsil edən alimlərə tövsiyə verir:
“İstərdik ki, erməni və azərbaycanlı hüquqşünaslar arasındakı söhbətlər sırf elmi və obyektiv səciyyə daşısın, gərəksiz emosiya gərginliyindən azad olsun. Vacibdir ki, hər iki tərəf müzakirəni mədəni səviyyədə aparsınlar, ədəbli şəkildə hüquqi dəlillər işlətsinlər, bir-birinə qarşı subyektiv və əsassız hücumlara keçməsinlər”.
“Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq” kitabının nəşr olunmasında Ukrayna vətəndaşı, Ukrayna Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Ukraynadakı diasporunun təmsilçisi Əli Dəmirovun xidmətləri olub.
Qeyd edək ki, hüquq elmləri doktoru, professor Aleksandr Merejko Kiyev Milli Linqvistik Universitetinin hüquq kafedrasının müdiridir. Beynəlxalq hüquqa dair 110 elmi işin müəllifidir. ABŞ, Polşa, Qazaxıstan ali məktəblərində dərs deməklə yanaşı, A.Merejko Ermənistan Diplomatik Akademiyasında da fəaliyyət göstərib.
Namidə Bingöl