“Hacı Əbdül yaşlı adamdır. Elə yaşına görə də ağlını, huşunu itirib”. Bunu Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev deyib. “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdülün onun haqqında dediyi fikirlərə münasibət bildirərkən H.Hacıyev Hacı Əbdülü ikiüzlülükdə ittiham edib.
“Hacı Əbdül vaxtilə kimi müdafiə edirdi, sonra həmin şəxsləri yarı yolda qoyub qaçdı. Hafiz Hacıyev isə dostluq etdiyi insanları heç vaxt darda qoyub getməz”.
Partiya sədri bildirib ki, Hacı Əbdülün onun haqqında danışmağa mənəvi haqqı yoxdur. O, “Tövbə” Cəmiyyətinin sədrinin onu şallaqlamaqla bağlı səsləndirdiyi fikrə kinayə ilə cavab verib.
“Hacı Əbdül yalnız özü kimi zəif adamları və küçə uşaqlarını şallaqlaya bilər. Qoy, o getsin namazını qılıb mollalığını etsin. Onun mənim səviyyəmə çatmasına hələ əsr yarım vaxt var. Azərbaycanda mənim şər qüvvələrə qarşı mübarizəmdən daha çox hacı əbdüllər narahatdır”.
Qeyd edək ki, Tövbə Cəmiyyətinin sədri, keçmiş millət vəkili Hacı Əbdül Əbdülov “Reytinq” qəzetinə müsahibəsində canlı efirdən nalayiq fikirlər səsləndirən namizədlərin şallaqla cəzalandırılmasını istəyib. O, H.Hacıyevin adını xüsusi vurğulayaraq bildirib ki, şallağa ən layiqli namizəd məhz odur.
Aqşin Kərimov