Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyov ondan əvvəl bu ölkədə səfir işləmiş Eldar Həsənovun Rumıniyadan geri çağırılması haqda “Yeni Müsavat” qəzetinin 7 oktyabr sayında yazılanlara münasibət bildirib.
Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənov hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycanın Serbiyada, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiridir.
Eldar Həsənov 2001-ci ilin martından Rumıniyada səfir işləyib. 9 il sonradan o, Azərbaycanın eyni zamanda Serbiya, Monteneqro, Bosniya və Hersoqovinada səfiri vəzifəsində çalışıb. 2013-cü il martın 28-də Eldar Həsənov Serbiya, Monteneqro və Bosniya və Herseqovinada səfir vəzifəsində saxlanılmaqla Rumıniyada səfir vəzifəsindən geri çağırılıb. Rumıniyadan geri çağırılmazdan təxminən iki həftə əvvəl Eldar Həsənov “Modern.az” saytına açıqlamasında bildirmişdi ki, belə bir xahişlə prezident İlham Əliyevə müraciət edib. “Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm” deyən Eldar Həsənov Rumıniya ilə yanaşı üç ölkədə - Serbiya, Monteneqro, Bosniya və Hersoqovinada Azərbaycanın səfiri vəzifəsində çalışdığını xatırlatmış və diplomatik fəaliyyətini davam etdirmək istəyində olduğunu da qeyd etmişdi.
“Yeni Müsavat” qəzetinin 7 oktyabr sayında dərc olunmuş “Eldar Həsənovun Rumıniyadan getməsinin əsas sirri açıldı” başlıqlı yazıda isə bildirilib ki, Eldar Həsənov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı nümayəndəliyinin rəhbəri Həmzə Kərimovla yola getmədiyi üçün bu ölkədən uzaqlaşmaq məcburiyyətində qalıb. Yazıda deyilir ki, Həmzə Kərimov Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə yaxın münasibətləri, qohumluğu olan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun oğludur. Qəzetin yazdığına görə, Həmzə Kərimov Rumıniyaya gedəndən sonra işini səfirlə koordinasiya etməyib, öncədən aldığı təlimat üzrə Eldar Həsənova saymazyanalıq göstərib, tamamilə “muxtar” fəaliyyət göstərib, həmçinin vaxtaşırı Eldar Həsənovun guya Rumıniyada Azərbaycanı layiqincə təmsil edə bilməməsi haqda donoslar yazıb. Qəzet yazır: “Əlbəttə, Eldar Həsənov da bu məsələyə heç də müqavimətsiz dayanmayıb, Həmzə Kərimovun korrupsiya əməliyyatlarını ifşa etməyə çalışıb, onun yarıtmaz fəaliyyəti haqda hökumətə məlumatlar verib. Bu mübarizə isə onunla yekunlaşıb ki, Eldar Həsənova SOCAR-ın rəhbərinin işinə qarışmamaq göstərişi verilib. Bu, faktiki olaraq Eldar Həsənovun Rumıniyada SOCAR-ın nümayəndəsinin ayağına verilməsi kimi anlaşılıb. Bundan sonra da Eldar Həsənov daimi olaraq oturduğu Rumıniyadan geri çağırılması üçün müraciət edib”.
Məsələ ilə bağlı “Media forum” saytına açıqlamasında Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyov deyib ki, sözügedən yazı qeyri-ciddi xarakter daşıdığından ona cavab verməyə lüzum görmür: “Hər kəs öz fəaliyyətinə, öz əməlinə cavabdehdir. O ki qaldı cənab səfir Eldar Həsənova, o, bu ölkədə əlaqələri sıfırdan başlayıb. Azərbaycanla Rumıniya arasında münasibətləri ən yüksək səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb. Rumın dövlətinin ali ordeninə layiq görülərək çox böyük hörmət və ehtiramla yola salınıb. Bu ölkədə elə həmin yüksək hörmət və ehtiramla da hər zaman xatırlanmaqdadır. Arzu edirik ki, işlədiyi ölkələrlə Azərbaycan arasında münasibətləri bütün sahələrdə ən yüksək səviyyəyə çatdırmağı bu günün özündə də hər birimiz Eldar Həsənovdan öyrənək. Onun vətənpərvərliyi, müstəqil Azərbaycan dövlətinə xidmətləri, yüksək peşəkarlığı, savadı, alicənablığı, mərdliyi və səviyyəsi bir çox diplomatlara, elə Həmzə Kərimov kimilərinin özlərinə də əsl örnək olmalıdır”.
Modern.az