Modern.az

Aqil Camalla Kəlbəcər səfəri: “170 il yaşasam da həmin 17 ili əvəz edə bilməz”

Aqil Camalla Kəlbəcər səfəri: “170 il yaşasam da həmin 17 ili əvəz edə bilməz”

7 Oktyabr 2013, 15:57


Publika.Az-ın “Könlüm keçir” layihəsinin növbəti qonağı, Kəlbəcər rayonunda doğulub-böyüyən, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camaldır.

“O evdə cəmi 8 il yaşaya bildik”

 “1976-cı ildə Kəlbəcər şəhərində doğulmuşam. Ancaq ömrümün cəmi 17 ilini orda yaşamaq nəsib oldu mənə. Şəhərin “Yuxarı düz” deyilən hissəsində təzə məhəllələr salınmışdı. 1985-ci ildə orda özümüzə gözəl bir ev tikmişdik. Təəssüf ki, o evdə 8 il yaşaya bildik... İndi 37 yaşım var. Bu 37 ilin 20 ili Kəlbəcərdən uzaqda keçib. Amma mənəvi zənginliyə, insanlığa, ülvi dəyərlərə görə bundan sonra 170 il yaşasam belə, həmin 17 ili əvəz edə bilməz.

Demək olar ki, həftədə bir neçə dəfə Kəlbəcəri yuxularımda görürəm. Hətta Kəlbəcərdən çıxandan sonra tanıdığım insanlarla bağlı yuxularım da məkan olaraq Kəlbəcərlə bağlı olur...”

“Kəlbəcərə hamı Tanrı möcüzəsi deyirdi”

“Hər bir insan üçün onun doğulduğu yer, yaşadığı mühit daha əzizdir. Amma Tərtər çayı boyu Kəlbəcəri başdan-başa gəzmiş hər kəs Kəlbəcəri həmişə Tanrının möcüzəsi adlandırıb.

Azərbaycanın hər bölgəsində buz bulaqlar var. Amma Kəlbəcərdəki bulaqlar doğurdan möcüzə idi. Yerdən isti su qaynayırdı. Bəlkə də o suyu görməyənlərə deyəndə, onlara qəribə gəlir ki, yerin altından necə qaynar su çıxa bilər? Yaxud, “Turşsu” deyilən qazlı su qaynayırdı yerdən. Onu içəndə gözləmək lazım idi ki, qazı çəkilsin. Çünki, adamın burnunu, boğazını göynədərdi”.

“Ermənilər qızıl yataqlarımızı bizdən əvvəl istismara başlamışdılar”

“Kəlbəcərdə çox zəngin qızıl yataqları var. Qızıl yataqları Ermənistanla Azərbaycan sərhəddində yerləşirdi. Amma ermənilər qızıl yataqlarımızı illər öncə istismara başlamışdılar. Qızıl olan dağları o qədər qazmışdılar ki, hətta Azərbaycan sərhədlərini də keçmişdilər. Son illərdə biz tərəfdən də qızıl çıxarılan dağlara yollar çəkilməyə başlanmışdı, infrastruktur qurulurdu ki, qızılın emalına başlansın. Bu iş də yarımçıq qaldı...

İndi ermənilər həmin dağları, qızılı dədə-baba malı kimi istismar edirlər. Artıq dağların o üzünə də, bu üzünə də sahibləniblər. Xarici şirkətləri də ora cəlb ediblər”.

“İşğal ləhcələrimizi də məhv etdi”

 “Hər bir rayonun, hər kəndin özünəməxsus ləhcəsi, şivəsi olur. 20 illik işğal dövrü bu ləhcələri də sıradan çıxartdı. Təbii ki, hər birimiz Azərbaycanın ədəbi türkcəsində danışırıq. Amma o yerlərin ləhcələri, şivələri, ağızları da dilimizin zənginliyi, etno mədəniyyətin özəlliyi, gözəlliyi idi. Artıq yeni doğulan, həmin bölgələrdən olan nəsl o ləhcədə, o ağızla danışmır. Bu da böyük bir itkimizdir. O qədər fərqində olmasaq da... Bu insanın öz kökündən ayrılmasıdır. Bir millətin soykökü ailədən, nəsildən, kəndindən başlayır. Meqapolis mühitində böyüyən uşaqlar dibçəkdə böyümüş gül kimi, süni yetişdirilmiş məhsul kimidirlər. İnsanın mənəvi cilalanması üçün lazım olan komponentlər var ki o komponentlərsiz yetişmək böyük itkidir. Bu gün kəlbəcərlilər Azərbaycanın dörd bir yanına səpələniblər. Kəlbəcərli olmaq formal xarakder daşıyır bu gün. Sadəcə şəxsiyyət vəsiqələrində kəlbəcərli olduqları yazılır”.

 “Vertolyotdan silah-sursat boşaldıb, yerinə tabut yükləyirdik”

“Kəlbəcərdən 1993-cü il aprelin 1-də çıxdıq. 17 yaşım vardı onda. İşğal ərəfəsində artıq Kəlbəcərdə tədris sistemi pozulmuşdu. Bizim evimiz aeroporta yaxın olduğu üçün günümüz orda keçirdi. Həmin vaxtlar Kəlbəcər müasirədə olduğu üçün lazım olan zəruri şeylər vertolyotla gətirilirdi. Əsasən, silah-sursat. Biz yuxarı sinif şagirdləri döyüşə gedə bilməsək də, hansısa bir işə yaramaq istəyirdik. Vertolyotlardan mərmiləri, silah-sursatı boşaldıb hərbi maşınlara yığırdıq. Vertolyotlar geriyə boş qayıtmırdı. Azərbaycanın dörd bir tərəfindən gələrək Kəlbəcərdə döyüşüb şəhid olanların tabutlarını yükləyirdik vertolyotlara. Tabutların üzərində qələmlə şəhidin adı-soyadı, aparılacağı ünvan yazılırdı... “Müharibə uşağı” deyilən bir məhfum var. Gözümüz o qədər öyrəşmişdi ki, belə mənzərələr bizə adi gəlirdi. Ancaq indi düşünəndə nə qədər dəhşətli bir mənzərə olduğunun fərqinə varırsan. O vaxt uşaqların oyuncağı da silah-sursat idi. Məktəbə gedəndə də ciblərimizi avtomat güllələri ilə doldurardıq, kəmərimizdən əsgər bıçağı asardıq...”.

 “O il məktəbi bitirənlərin “venetka”sı olmadı”

 “Biz Kəlbəcərdən çıxanda mən 11-ci sinifdə oxuyurdum. Bizdən əvvəl və sonra məktəbi bitirənlər “venetka” aldılar, amma bizim “venetka”mız olmadı. Çünki aprel ayında Kəlbəcər işğal olundu, 11-i bitirməyimizə bir ay qalırdı. Bizim məktəbi bitirdiyimiz il hər şey alt-üst oldu. Yəni, o il Kəlbəcərdə məktəbi bitirənlərin “venetka”sı olmadı”.

 “3 il idi, Kəlbəcərdə elektrik enerjisi yoxudu”

“Biz işğala qəfləti yaxalandıq. O vaxtlar məlumatları radio vasitəsi ilə izləyirdik. Mühasirədə olduğu üçün son 3 ildə Kəlbəcərdə elektrik enerjisi kəsilmişdi. Yalnız rayonun mərkəzində, dövlət idarələrində böyük generatorlardan istifadə olunurdu. Heç kim inanmırdı Kəlbəcərin işğal olunacağına. Çünki ondan əvvəl uğurlu əməliyyatlar keçirilmişdi, Qarabağın əksər hissləri ermənilərdən təmizlənmişdi. Artıq Azərbaycan ordusu Xankəndinin başının üstünü almışdı. Kəlbəcərə eyni vaxtda iki-üç tərəfdən hücum olduğu üçün uzun müddət müqavimət göstərilə bilmədi. Qısa vaxtda insanları Murovun qarlı aşırımlarından keçirmək çox çətin idi. Ona görə Kəlbəcərdə çox insanlar girov qaldılar. Atamın əzizləri - əmisi, xalası, bibisi qaldı. 90-100 yaşlı insanlar idi...”.

 “Qadınların hamısının başında yaylıq olardı”

 “Azərbaycanın bəzi bölgələrində bu gün də qızları yeniyetmə yaşında ərə verirlər, oxumasına qarşı çıxırlar. Amma Kəlbəcər Azərbaycanın ucqar, dağlıq rayonlarından biri olmasına baxmayaraq orda heç vaxt belə düşüncə olmayıb. Kəlbəcərdə harda bir məktəb, təhsil ocağı vardısa, valideynlər böyük məmnuniyyətlə qızlarını ora göndərərdilər. Qadınlar ictimai işlərdə, dövlət işlərində, təsərrüfatda rahat şəkildə işləyirdilər. Bütün qadınların başlarında yaylıq olardı. Bu hicab deyildi, yəni dini anlamı yox idi. Sadə bir yaylıq, ya kəlağayı olardı. Rayona kənardan başı açıq qadın gələndə və dərhal seçilərdi. O saat adamlar fikirləşərdilər ki, qadın “aşağılardan” (Kəlbəcər yüksəklikdə yerləşdiyi üçün aran rayonlarına “aşağılar” deyirdilər), yaxud da “Bakıdan gəlib”...”.

“15 ildi saz çalmıram

“Kəlbəcərdə 70-80 faiz evlərdə saz görmək mümkün idi. Atam saz həvəskarı olduğu üçün istəyirdi ki, mən də saz çalmağı öyrənim. Sazı daha yaxşı öyrənməyim üçün məni əvvəlcə şəhərdəki musiqi məktəbində tar kursuna qoydu. 5 illik kursu bitirdim. 1990-cı ildə atam Aşıq Əlişə sifariş verdi, mənə bir saz bağlatdırdı. 1-2 ay da kəlbəcərli Aşıq Ədalət havaları öyrətdi. Otağımda bir tərəfdə tarı, bir tərəfdə sazı asmışdım. 1993-cü ildə rayondan çıxanda evdən ən zəruri olan şeyləri götürdük. Atam gedib sazı da yerindən çıxardı gətirib qoydu maşına. Amma atamın başı qarışanda mən sazı aparıb yerindən asdım. Atam gəlib soruşdu ki, niyə qaytardın sazı? Dedim, gedəcəyimiz yer bəlli deyil. Bizə deyəcəklər ki, bunlar nə qədər arsız adamlardı, evlərini, yurdlarını qoyub gəliblər, hələ özləri ilə saz da gətiriblər... Amma atam israr etdi və sazı təkrar gətirib maşına qoydu. Dedi, heç nə apara bilməsək də, heç olmasa, bu sazı yadigar aparaq.

İndi o saz burada evimizdədir. Təzə gələn illərdə götürüb çalardım. Amma 10-15 ildir ki, orada qalıb...”.

“O toylar əsl el şənliyinə çevrilirdi...”

 “Kəlbəcərdə mənim yaşımdan əvvəl 3 gün və daha çox sürən toylar olub. Amma mənim gördüyüm toylar 2 gün olurdu. 6-cı gün başlayıb, bazar günü axşam bitərdi.

O vaxtlar toylar əsl el şənliyinə çevrilirdi. İndikindən fərqli olaraq o toylara insanlar kiminsə xətrinə, kiminsə borcundan çıxmaq üçün yox, qayğılarından bir neçə saatlıq da olsa uzaqlaşmaq, dincəlmək, əylənmək, dostlarla görüşmək, deyib-gülmək üçün gedirdilər...”.

“Yalnız arzu etməklə olmur ki, ... ”

“20 il əvvəl deyirdik ki, “Qarabağ bizimdir”, bu gün deyirik “Qarabağı unutma”. “Bizimdir” şüarından əl çəkib “unutma”mağa çağırırıq. Sabah şüarımız nə olacaq, o da bəlli deyil. Ona görə də “Qarabağı unutma” şüarından imtina olunmalı “Qarabağ bizimdir”in üzərində dayanmalıyıq və bu da yalnız şüar olaraq qalmamalıdır. Bu konsepsiya üzərində hərəkətə keçməliyik.

İstəmək lazımdır. İnsan nəyisə istəyəndə ona nail ola bilər. Arzu, ümidlə heç nə olmur. O torpaqlara qayıtmaq mümkündür. Bunun üçün o azadlığı, qələbəni istəyən bir millət olmalıdır ortada”.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?