Türkiyə Respublikasının Prezidenti Abdullah Gül prezident İlham Əliyevə telefonla zəng edib. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Abdullah Gül prezident seçkilərində böyük qələbə qazanması münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqının rifahı və əmin-amanlığı naminə prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Prezidentinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daim inkişaf etdiyini qeyd edərək ikitərəfli münasibətlərimizin bütün sahələrdə bundan sonra da inkişaf etdiriləcəyinə əminliklərini bildiriblər.
Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Viktor Yanukoviç dövlət başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı naminə ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildiriblər.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycan prezidentini yenidən bu posta seçilməsi münasibətilə təbrik edib. Azərbaycan prezidenti ilə telefonla danışan baş nazir təbriklərini çatdırıb, uğurlar arzulayıb.
Modern.az