Modern.az xəbər verir ki, qeyd olunub ki, Azərbaycanda seçkilər saxtalaşdırılıb. ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Doris Barnett bildirib ki, bununla yanaşı seçkilərdə müsbət hallar da qeydə alınıb. Zulueta seçkilər müddətində “ifadə, birləşmə və toplaşma azadlıqlarının məhdudlaşdırıldığını”, seçki prosesinə müdaxilə hallarının qeydə alındığını bildirib. Onun sözlərinə görə, müşahidəçilərin olduğu məntəqələrin 11%-də səsvermənin gedişi zamanı pozuntular müşahidə olunub.
O, ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçilərindən neqativ məqamlar eşitdiyini və bunun şəxsən öz təəssüratları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb. Açıqlanan rəydə o da qeyd olunur ki, Mərkəzi Seçki Komissiyası (MSK) seçkilər üçün texniki hazırlıq işlərinin səmərəli şəkildə idarə olunmasını təşkil edib.
MSK müşahidəçilər və mətbuat üçün açıq olan müntəzəm iclaslar keçirib, qərarlarını vaxtı-vaxtında dərc edib. Bununla belə, seçki komissiyalarının təşkili prinsipi hökumətyönlü qüvvələrə qərarların qəbul olunmasında “de-fakto” üstünlük verib. Mətbuat konfransı zamanı hakimiyyyəti təmsil edən jurnalistlərlə qurum nümayəndələri arasında fikir ayrılığı yaranıb. “Səs” qəzetinin tədbirdə iştirak edən əməkdaşı qəzəbli şəkildə ATƏT nümayəndələrinə sual verib və deyib ki, onlar qərəzli hesabat hazırlayıb. İqtidarı təmsil edən jurnalistlərin suallarını eyni zamanda ironiya ilə qarşılayan müxalif yönümlü tədbir iştirakçıları onları sual verməyə qoymayıblar. Zalda Cəmil Həsənlinin tərəfdarları ilə hakimiyyəti təmsil edən gənclər arasında qalmaqal yaşanıb.
***
ATƏT Müşahidə Missiyasının rəhbəri Mişel Vauzen bildirib ki, səslərin nəticələri ilə bağlı etirazların səbəbləri araşdıralacaq.
“Hər bir seçicinin haqqıdır ki, hər hansı bir qayda pozuntusu barədə protokolla MSK-ya müraciət etsin”-deyə M. Vauzen qeyd edib.
Tədbirdə çıxış edən QHT Əməkdalıq Alyansının həmsədri Rufiz Qonaqov isə ATƏT nümayəndəsinin seçkidə saxtakarlıq olması haqqında dediklərini kəskin şəkildə tənqid edib.
“Niyə görə Ermənistanda prezidentliyə namizəd güllələnir o haqda bir bəyanat vermirsiz, amma Azərbaycanla əlaqədar qərəzli hesabatlar hazırlayırsız”-deyə R. Qonaqov ittiham edib.
M. Vauzen isə cavabında bildirib ki, Ermənistanda olan hadisədən xəbərdardır və bu barədə ATƏT-in hesabatlarında müəyyən məqamlar yer alıb.
Aqşin Kərimov