Əməkdar artist Nazim Ağayevin Modern.az saytına verdiyi müsahibədə “Habil Əliyevdən zəhləm gedir” deməsi sənət aləmində rezonans doğurub. Belə ki, məşhur kaman ustadı Habil Əliyev Aznews.az-a açıqlamasında Nazim Ağayevə verdiyi cavabda etik çərçivələri aşaraq, hətta əməkdar artisti ölümlə də hədələyib.
Modern.az yaranmış gərginliklə bağlı sənət aləminin ağsaqqallarından olan xalq artisti Əlibaba Məmmədovun fikirlərini öyrənib. Sənətkar həmkarlarının mətbuat vasitəsiylə “atışmasını” pisləyib:
“Habil Əliyev 3-4 il əvvəl bir qəzetə müsahibəsində demişdi ki, o niyə xanəndə olur ki. Halbuki, mən onunla 5 il gecə-gündüz toyda olmuşdum. Sonra jurnalistlər çox gəldilər yanıma ki, əmi, cavab verirsən? Dedim yox. Məndən iki yaş böyükdür, yoldaş olmuşuq, çörək kəsmişik”.
Ə.Məmmədov Habil Əliyevin Nazim Ağayevin həyat yoldaşı haqda işlətdiyi “Yəqin ki, o qoç görməyib” ifadəsinə də münasibət bildirib:
“İnsan yaşa dolduqca başı xarab olur da. Habil Əliyevə məndən çox yaxşılıq edən ikinci bir adam respublikada yoxdur. 50-ci ildə ikimiz də kasıb idik, toylara aparırdım. Əhsən Dadaşov, mən, Habil Əliyev yoldaşlıq edirdik. Elə oxuyurdum ki, ikisi də ağlayırdı. Bundan sonra sən dur de ki, “o niyə oxuyan olur?”.
Ə.Məmmədov daha sonra deyib:
“Farsın bir sözü var. Deyir ki, əzəbləhon xamuşis. Yəni əbləh adamlara cavab vermək olmaz. Habil Əliyevin ağlı başında olsaydı, Əlibabanı pisləməzdi. Nazim Ağayevin heç Habilə dəxli yoxdur. Habil xalis muğamatçıdır, sənətinə söz yoxdur. Nazim Ağayev Faiq Ağayev, İlhamə Quliyeva səviyyəsində oxuyandır”.
İntiqam Valehoğlu