Modern.az

Milli Məclisdə sığorta məsələsi gündəmə gəldi – dəyişikliklər olacaq

Milli Məclisdə sığorta məsələsi gündəmə gəldi – dəyişikliklər olacaq

14 Oktyabr 2013, 13:12

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilir. Modern.az xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə bildirib ki, komitəyə prezident tərəfindən 5 qanun layihəsi daxil olub. Bunlar “Sığorta fəaliyyəti haqqında” qanuna, “Hərbi qulluqçuların icbari sığortası haqqında” qanuna, Mülkü Məcəlləyə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə layihələrdir.

Deputat Vahid Əhmədov bildirib ki, “İcbari sığorta haqqında” qanun layihəsindən danışıb: “Mən Namiq müəllimdən öyrənmək istərdim k, sığorta bazarının vəziyyəti Azərbaycanda necədir? Biz qanunlara dəyişiklik edəndən sonra sığorta bazarında dəyişiklik olubmu?”.

Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti idarəsinin müdiri Namiq Xəlilov bildirib ki, son illər sığorta bazarının yüksək templə inkişafı müşahidə edilir. “Keçən il artım 60 faizi təşkil edib. Bu ilin 9 ayı ərzində 16-17 faiz həcmində artım müşahidə edilib. Hesab edirik ki, ilin sonuna qədər adambaşına düşən sığorta həcmi 40 manatı ötəcək. Əhalidə sığortaya münasibət dəyişir. Ona görə təsdiqləyə bilərəm ki, “İcbari sığorta haqqında” qanunun qəbul edilməsi sığorta bazarının inkişafına müsbət təsir göstərib”.
Son illər sığorta sektorunun inkişafı üçün yeni qanunların qəbulunun mühüm əhəmiyyətə malik olduğunu deyən N.Xəlilov qanunlara dəyişiklər haqqında məlumat verib.
“Son illər ölkədəki dinamik inkişaf bu qanunlara yenidən dəyişiklər edilməsini zəruri edib. Qanunvericiliyə edilən dəyişiklər imkan verəcək ki, sığorta şirkətləri internet vasitəsilə məhsullarını təqdim etsinlər. Bu onlara imkan verəcək ki, internet vasitəsilə müqavilələr bağlasınlar. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik də nəzərdə tutulub ki, ölən şəxsin ailəsində əmək qabiliyyəti olmayan şəxslər olmasa belə, onlara bir illik müavinət verilsin”.
”Hərbi qulluqçuların icbari sığortası haqqında” qanunda əsas dəyişiklərdə müəyyən sənədlərdə dəqiqləşdirmələrin aparılmasıdır. Yəni hansı hallarda sığorta verilməsi ilə bağlı mübahisəli məqamlara aydınlıq gətirilib. Mülki Məcəllədə isə elektron sənəd formasında sığorta müqaviləsinin bağlanması formanı daxil edirik. Orada sığorta vasitəçilərinin fəaliyyətini dəqiqləşdiririk”.

N.Xəlilov qeyd edib ki, bu qanunlara ediləcək dəyişiklərin ali məqsədi Azərbaycan əhalisinə yüksək keyfiyyətli sığorta təminatı verməkdir.

“Onun da bir necə tərkib hissəsi var. Bu xidmətləri göstərən şirkətlərin maliyyə sabitliyi olmalıdır. Olmasa keyfiyyətli xidmət göstərə bilməyəcək. İkincisi, sığorta müqavilələrindən irəli gələn münasibətlərin sığortalara qarşı hansısa düzgün olmayan hərəkətlərə imkan verməməkdən ibarətdir. Burada Mülkü Məcəllədə edilən dəyişiklərin məğzi bundan ibarətdir. Sığorta bazarının inkişaf etməsi insanların sığortaya etibar etməsindən irəli gəlir. Biz təklif etdiyimiz dəyişikliklər sığorta xidmətlərinin keyfiyyətini artıracaq və sığorta bazarının inkişafına kömək olacaq”.

Vahid Əhmədov bu qanunlara edilən dəyişiklikləri müsbət qarşıladığını qeyd edib: “Qanuna dəyişikliklər böyük və sərt dəyişiklərdir. Başa düşürəm ki, sığorta bazarının inkişafı üçün vacibdir. Siz bunu sərtləşdirirsiniz, amma bunu hər yerdə etmək nə dərəcədə düzgündür. Bu məsələlərə baxmaq lazımdır. Kənd təsərrüfatı məhsulları ilə bağlı sığorta fəaliyyəti haqqında qanuna bunu əlavə etməyiniz müsbət haldır. Kənd təsərrüfatında çalışan isanlar əziyyət çəkirdi”.

Deputat Əli Məsimli deyib ki, qanunlara əlavə və dəyişiklər kifayət qədər böyük həcmlidir, rekord sayda dəyişiklər var. “Sığorta bazarı son mərhələdə inkişaf edir. Və bu zaman dəyişiklərin edilməsi çox vacibdir. Hesab edirəm ki, tələblərin maraqlarının konfliktindən maraqların balansına keçmək lazımdır. İrəli sürülən dəyişiklərin bir hissəsi hesab edirəm ki, buna cavab verir”.

Deputat təklif ki, bu qanun layihələrində kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatı sahəsinin sığortalanması ilə bağlı aspektlər də öz əksini tapsın: “Azərbaycanın Şəki-Zaqatala zonasında baş verən son zəlzələ sübut edib ki, heç bir sığorta şirkəti ziyan çəkmiş sakinlərə sığorta ödənişi aparmayıb və bütün məsuliyyəti Azərbaycan dövləti öz üzərinə götürüb. Bütün dünyada kənd təsərrüfatı sahəsi dotasiya ilə saxlanılır. Bu səbəbdən də Azərbaycanda kənd təsərrüfatının sığortalanmasına daha böyük önəm vermək lazımdır”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat