Oktyabrın 14-də millət vəkili Azay Quliyev ATƏT PA-da “ATƏT ərazisində terrorla mübarizə və transmilli təhdidlər və insan haqlarına hörmət” mövzusunda çıxış edib.
Modern.az-ın məlumatına görə, deputat çıxışında terror təhlükəsindən söz açıb.- Bu gün dünyada elə bir dövlət yoxdur ki, tamamilə terrordan sığortalanmış olsun. Dünyanın ən qabaqcıl ölkələrindən tutmuş ən kiçik inkişaf etməkdə olan ölkəsinə kimi bütün dövlətlər müxtəlif zamanlarda ya terror hədəfinə çevrilmiş, ya da ən azı terror təhlükəsi ilə üz-üzə dayanmışdır. Antiterror cəhdləri yalnız güclü dövlətlərin mövcud olduğu ərazilərdə cəmiyyətlərin və ölkələrin birlikdə olduğu hallarda daha effektiv olmuşdur.
Amerikada baş verən məlum 11 sentyabr hadisəsindən sonra dünyanın 150 – dən çox dövləti birləşərək terrorun daha geniş ərazilərə yayılmaması üçün ona qarşı müharibə elan etdilər. ATƏT-in iştirakçı ölkələri kimi, biz müəyyən öhdəlikləri özündə ehtiva edən çox sayda qərarlar qəbul etdik və terrorizmlə mübarizə istiqamətində effektiv tədbirlər həyata keçirdik. Son 12 ildə baxmayaraq ki, terrorla mübarizədə əsaslı uğurların şahidi olmuşuq, ancaq bu qlobal təhlükə hələdə dünyada inkar olunmaz şəkildə qalmaqdadır. Bunun əsas səbəbi odur ki, dünya birliyinin güclü səylərinə baxmayaraq, terrorist təşkilatların fəaliyyət göstərməsi və inkişafı üçün əlverişli mühitlər hələ də dünyanın müxtəlif yerlərində mövcuddur.
Bəzi ölkələr terrorist təşkilatların bank hesablarını dondurmaqla, ciddi sərhəd yoxlama və güclü nəzarət mexanizmləri vasitəsilə terrorla mübarizədə uğurlar əldə etmişlər. Lakin, bu gün dünyada terrorizm özünü müxtəlif regionlarda fərqli şəkildə göstərir. Hər regionun özünün səciyyəvi cəhətləri mövcuddur. Misal üçün, Orta Şərqdə terrorizm birbaşa müəyyən ekstremist qruplarla bağlıdırsa, Cənubi Qafqazda terrorizm separatist rejimlərlə əlaqədardır.
Hər kəsə məlumdur ki, Cənubi Qafqazda separatist rejimlər nəzarət altında aldıqları ərazilərdə varlıqlarını qorumaqdan ötrü terror təşkilatlarına fəaliyyət göstərmələri üçün hər cür şərait yardırlar. Separatist rejimlərin və bir sıra dövlətlərin köməkliyi ilə terror təşkilatları nəzarətsiz ərazilərdən məqsədlərinə çatmaq üçün istifadə edərək qanunsuz narkotik vasitələrin, silahların daşınması, insan alveri, çirkli pulların yuyulması və digər qanunsuz əməllərlə vəsait əldə edərək özlərinin qlobal maliyyə dəstəyini təmin edirlər. Terrorla ən effektiv mübarizə, ona qarşı bütün cəbhələrdə vuruşmaqdır. Ona görə də, mən iştirakçı ölkələri terrorizmi, ekstremizmi və separatizmi dəstəkləyən dövlətlərə qarşı sanksiyalar qəbul etməyə çağırıram. Terrorizm üçün şərait yaradan mühitləri aradan qaldırmayınca, terrora tamamilə qalib gələ bilməyəcəyik.”
Modern.az