Modern.az

Gülər Əhmədova məhkəmədə bəyanat verdi: “O, məni “mandat alverçisi” adlandırıb”

Gülər Əhmədova məhkəmədə bəyanat verdi: “O, məni “mandat alverçisi” adlandırıb”

21 Oktyabr 2013, 15:01

Bu gün eks-deputat Gülər Əhmədova məhkəmə prosesi başlayıb. Prosesin ilk günü o, bəyanat verib.

Modern.az xəbər verir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Əlisultan Osmanov rəhbərliyi ilə həyata keçirilən məhkəmədə Gülər Əhmədova bildirib ki, ABŞ və ATƏT təmsilçiləri onu əsasız olaraq cinayətkar adlandırıb. O, növbəti dəfə məhkəmə iclasında Cəmil Həsənlinin də iştirak etməsini tələb edib:

“Tələb edirəm ki, növbəti məhkəmə iclasında ABŞ səfirliyindən, ATƏT-dən nümayəndələr, eləcə də Cəmil Həsənli iştirak etsinlər. Hələ məhkəmə olmadan onların məni cinayətkar adlandırmasına heç bir haqları çatmır. Cəmil Həsənli məni 9 milyonluq xalqın qarşısında biabır edib, “mandat alverçisi” adlandırıb”.

Qeyd edək ki, Gülər Əhmədovanın müdafiəçiləri bir neçə vəsatət qaldırıblar. Onlardan biri də Elşad Abdullayevin yaydığı videoların gizli çəkildiyi və dəlil kimi qəbul edilə bilməməsi ilə bağlıdır.

Eks-deputatın vəkili Əfsər Talıbov müvəkkilinin həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müraciət etsə də, prokuror vəsatəti təmin etməyib. Gülər Əhmədova isə buna etiraz edib.

Sabiq millət vəkili ona təzyiqlərin olduğunu da bildirib. “Nə ölkədən qaçmaq, nə də intihar etmək fikrim var. Yoxsa mənim imkanlarımın az olduğunu düşünürsünüz? Mənə fiziki və mənəvi təzyiqlər olub. Mən dəfələrlə cinayət etməmişəm ki, mənə ev dustaqlığı verilməsin. Mən istintaqdan da gizlənməyə cəhd etməmişəm. İstintaqdan niyə gizlənməliyəm ki? Körpə uşağım var, hara qaça bilərəm və niyə qaçım? Üç dəfə millət vəkili seçilmişəm. Sizcə 3 dəfə deputat seçilən adam o qədər qorxuludur ki, ölkədən qaçsın. Mən Azərbaycan-Fransa dostluq qrupunun sədri olmuşam. İstəsəydim mən də Elşad Abdullayev kimi siyasi sığınacaq alardım”.

Eks-deputat, YAP-ın sabiq üzvü Gülər Əhmədova bu il fevralın 13-də həbs edilib. Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə deputat seçilməsinə köməklik üçün yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirməklə dələduzluq edib. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat