Modern.az

Cəmil Həsənli seçkilərin nəticəsindən Ali Məhkəməyə şikayət edəcək

Cəmil Həsənli seçkilərin nəticəsindən Ali Məhkəməyə şikayət edəcək

21 Oktyabr 2013, 13:24


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, Cəmil Həsənli tədbirdə vurğulayıb ki, 9 oktyabr  keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı bu gün Ali Məhkəməyə şikayət edəcək. “Azərbaycanda seçki yox, “karusel əməliyyatı” keçirilib.

Avropaya səfərindən də danışan C.Həsənli bildirib ki, Avropa Birliyinin Xarici Siyasət Komissarlığında, Avropa Parlamentinin Xarici Siyasət Komitəsində, eyni zamanda, Avropa Şurasının İnsan Haqları Komissarlığında, Parisdə bir sıra siyasi dairələr və mətbuat nümayəndələri ilə görüşləri olub. Onun sözlərinə görə, görüşlərdə Azərbaycandakı seçki müzakirə olunub. “Onlar Avropa Parlamentinin 7 nəfərdən ibarət müşahidə missiyasının seçkiyə müsbət rəy verməsindən narahatdırlar”, – deyən C.Həsənli söyləyib ki, bir qayda olaraq, Avropa Parlamentinin rəyi həmişə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi ilə üst-üstə düşdüyü halda, bu dəfə vəziyyət fərqli məcraya yönəlib.  
“İndi onlar həmin 7 nəfərin necə seçildiyini, hansı yollarla müşahidə missiyasının tərkibinə daxil olduğunu, saxtakarlığı təsdiq olunmuş bir seçkiyə necə demokratik, şəffaf seçki rəyi verdiklərini araşdırırlar. Onlar seçkilərin total şəkildə saxtalaşdırılmasından ciddi şəkildə narahatdırlar”.

C. Həsənli qeyd edib ki, Avropa Parlamentində keçirdiyi görüşdə Xarici Siyasət Komitəsinin sədri Elmar Brok artıq bu 7 nəfərlik qrupu formalaşdıran departamentin məsul işçisindən məlumat alıb: “Onlar ətraflı şəkildə bu məsələni müzakirə etməkdə qəti qərarlıdır. Mən bu müzakirələrdən belə başa düşürəm ki, Avropa Parlamentinin rəyini ATƏT-in rəyinə uyğunlaşdıracaqlar. Çünki onların əlində seçki saxtakarlığına dair kifayət qədər məlumat var. Ən azı "AppGate" hadisəsi seçkiyə şəffaf və demokratik don geyindirənlərə nümunə olmalıdır”.

Avropa Şurasının İnsan haqları üzrə komissarı Nils Mujniekslə görüşə toxunan C. Həsənli bildirib ki, AŞ-da Azərbaycanda insan haqlarının vəziyyəti, o cümlədən siyasi məhbus problemi, toplaşma, ifadə azadlıqlarının məhdudlaşdırılması kimi məsələləri müzakirə edib: "Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tutduğu mövqe müzakirə mövzusu oldu. Onlar təəssüf etdilər ki, Avropa Şurası belə bir mövqe tutub. Biz onların nəzərinə çatdırdıq ki, Avropa Şurasının müşahidə missiyası, ümumiyyətlə, bir qurum kimi Azərbaycanda gözdən düşüb, ona etimad yoxdur. "Kürü diplomatiyası", ayrı-ayrı parlamentarilərin hərəkətləri, Azərbaycan hökumətini müdafiə etmək üçün xüsusi canfəşanlıq göstərənlərlə bağlı ətraflı söhbətimiz oldu. Avropalı siyasətçilərin özləri də bildirdilər ki, bu məsələlərdən məlumatlıdırlar".

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat