Bakının Neftçilər prospektində, Hökumət Evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı yenidən istifadəyə verilib. Bu ilin oktyabrında açılışı edilən yeraltı avtomobil dayanacağında problem yarandığından istismarı dayandırılmışdı. İki minə yaxın avtomobil tutumuna malik olan dayanacaq yeni istifadəyə verilsə də, onun istismarına məhdudiyyət qoyulmuşdu.
Modern.az xəbər verir ki, yeraltı dayanacaqda yaranan problem iki gündür ki, aradan qaldırılıb.Qeyd edək ki, iki minə yaxın avtomobil tutumuna malik olan dayanacaq demək olar ki, ən müasir texnologiya ilə təmin edilib. Dayanacağa daxil olan avtomobilin ilk öncə müşahidə kameralarının köməyi ilə dövlət nömrə nişanı qeydiyyata alınır ki, bu da təhlükəsizlik baxımından çox önəmlidir. Burda avtomobil saxlamaq istəyən sürücülər dayanacaqda yerləşdirilən post terminallara ödəniş edərək xususi kart əldə edir.
Yeraltı dayanacaqda 2 saata qədər avtomobil saxlamaq üçün 1 manat, 5 saata qədər 2 manat, 12 saata qədər 3 manat və 24 saata qədər 6 manat ödəmək lazımdır.
Gültəkin ƏLƏSGƏR