Azərbaycanda 9 oktyabr 2013-cü il tarixli prezident seçkilərinin nəticələri ilə bağlı ölkənin siyasi düşərgəsi öz mövqeyini mətbuatla bölüşüb. Təkcə bir partiyadan başqa. Müxalifətin bir zamanlar öndə gedən partiyası - AMİP hələ də seçkilərə dair rəyini açıqlamayıb.
Modern.az saytı bu rəyin nədən ibarət olduğunu öyrənmək üçün dəfələrlə AMİP lideri Etibar Məmmədov və partiya sədri Yusif Bağırzadə ilə əlaqə saxlamağa çalışsa da, qarşı tərəfin telefonları susub.
AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev isə Modern.az-a açıqlamasında bildirib ki, hələlik partiyanın seçki ilə bağlı qərarı yoxdur.
“Konkret olaraq partiyada seçki ilə bağlı müzakirələr olmadığına görə, hələlik mövqe sərgiləmirik. Bu həftə ərzində partiyada keçiriləcək müzakirələrdən sonra yekun qərar veriləcək”-deyə AMİP rəsmisi qeyd edib.
Aqşin Kərimov