Milli Məclis “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişikliklər edib. Modern.az bildirir ki, bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. O xatırladıb ki, bir il əvvəl “Məhkəmələr və Hakimlər” haqqında qanuna dəyişiklik olunub: “Dəyişikliyin mahiyyəti ondan ibarət idi ki, tədris prosesinə hakimliyə sənədlərinmi təqdim edən, habelə tədris zamanı hakimlərin öz razılığı ilə onların ezam olunması üçün hüquqi əsas yaradır. Eyni zamanda həm də işin təşkili vəziyyətinin yoxlanılması prosesində digər hakimiyyət orqanlarının müdaxiləsi olmasın deyə hakimlərin öz razılığı ilə iki il ezam olunmasını qəbul etdik. Artıq “Məhkəmələr və Hakimlər” haqqında qanuna salınan bu məsələlərin “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna köçürülməsinə ehtiyac var. Çünki bunu həyata keçirmək Məhkəmə-Hüquq Şurasına səlahiyyətlərinə aiddir. Bu mənada biz texniki dəyişikliyi təklif edirik. Amma əlbəttə ki, bunu etmək lazımdır”-deyə o bildirib.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə dəyişikliyə ciddi şəkildə etiraz edib:
“Biz hansı əsasla hakimi öz fəaliyyətindən iki il müddətinə kənarlaşdırıb deyirik ki, get işini təkmilləşdirilməsi sahəsində işlə. Əslində hakimin hansı hallarda vəzifəsindən kənarlaşdırılması Konstitusiyada açıq göstərilib. Konstitusiyada açıq göstərilir ki, hakim cinayətə yol verən zaman vəzifəsindən kənarlaşdırıla bilər. Biz hamımız bilirik ki, şəxslər hakim olmaq üçün imtahan verirlər, buna ciddi hazırlaşırlar. Hakim məhkəmədə iş aparmalıdır, gedib hanısasa sahədə yoxlama aparmamalıdır”.
Deputat bildirib ki, Məhkəmə-Hüquq Şurası da hakimlərin orqanıdır. Bu qurumda prokurorların, vəkillərin təmsil olunması da qanununsuzdur. “Konstitusiyaya görə, hakimiyyət bölgüsü müəyyən edilib. Əgər məhkəmə hakimiyyəti müstəqildirsə, onda bu qurumun sədrinin hökumətin nümayəndəsinin olması ciddi sual doğurur. Biz bu məsələni həll etməliyik. Mən hesab edirəm ki, bu dəyişiklik Konstitusiya ziddir. Ancaq aydındır ki, burada səs çoxluğu məsələsi var və çoxluğun nə qərar verməsi öz işidir”-deyə Q.Həsənquliyev bildirib.
Aytən Əliyeva