Modern.az

Milli Məclisin komitə sədri: “Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılmalıdır”

Milli Məclisin komitə sədri: “Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılmalıdır”

22 Oktyabr 2013, 15:58

Bir neçə ildir ki, Azərbaycanda uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq, icra hakimiyyətlərinin tabiliyinə verilib. Məsələ o həddə çatıb ki, Bakının rayonlarında uşağını bağçaya qoymaq istəyən insanlara hətta millət vəkilləri də kömək edə bilmirlər. Uşaq bağçalarının rəhbərləri “biz Bakı şəhər İcra Hakimiyyətinə tabeyik” deyərək uşaqları bağçalara qəbul edirlər. Bu yazdıqlarımızın sübuta ehtiyacı yoxdur, dəflərlə məsələ ilə bağlı Modern.az saytına şikayətlər daxil olub. Bölgələrdə isə anoloji vəziyyət daha bərbaddır. Artıq uşaq bağçalarına təhsil müəssisəsi kimi deyil, alver yeri kimi baxılır. Bütün bunlara rəğmən mütəxəssislər ən optimal variant kimi uşaq bağçalarının Təhsil Nazirliyinə qaytarılmasını təklif edirlər.

Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, uşaq bağçaları təhsil müəssisədir və ölkədə təhsil müəssisələri Təhsil Nazirliyinin nəzdində olmalıdır:

“Hesab edirəm ki, ölkədəki uşaq bağçaları  da bütövlükdə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərməlidir. Əgər ölkədə təhsil sistemi ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinə aiddirsə, mən uşaq bağçalarının Təhsil Nazirlyindən kənar fəaliyyət göstərməsini qəbul etmirəm. Bütün bunlar bir millət vəkili olaraq mənim fikirlərimdir".

“Uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb icra hakimiyyətinin tabeliyinə verilməsi düzgün qərar deyil”. Bunu Modern.az-a açıqlamasında təhsil üzrə ekspert Nazim Əkbərov deyib. “Uşaq bağçalarının binaları icra başçısının tabeliyində ola bilər. Binanın qazını, işığını, suyunu icra hakimiyyəti təmin etməlidir. Amma tədrisi Təhsil Nazirliyi və yaxud rayondakı təhsil şöbələri aparır. Ona görə də bu ikili standart aradan qaldırılmalıdır. Təlim-tərbiyə işi bir əldə cəmlənməlidir. Yaxşı olar ki, millət vəkilləri Milli Məclisdə təhsil haqqında qanunla bağlı qanunvericilik təşəbbüsü ilə bağlı çıxış edib bu məsələyə tam aydınlıq gətirsinlər”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat