“Əli Kərimlinin ümumvətəndaş pasportu ala bilməməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət etmişik”. Bunu Modern.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə Avropa Məhkəməsi məsələyə baxacağını bildirib. Partiya funksioneri xatırladıb ki, dəfələrlə Azərbaycan hüquq-mühafizə orqanlarına Ə.Kərimlinin pasport problemi barədə müraciət etsələr də, bir nəticəsi olmayıb. “Ona görə də biz Avropa Məhkəməsinə üz tutduq. Yəqin ki, vaxtı çatanda bizə bir məlumat veriləcək”-deyə AXCP rəsmisi söyləyib.
Qeyd edək ki, AXCP sədri Əli Kərimli 2001-ci ildə aldığı ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Ancaq qurum yeni pasport verməkdən imtina edib. Bu səbəbdən də o, illərdir Azərbaycandan kənara çıxa bilmir.
Aqşin Kərimov