Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırması haqqında imzaladığı sərəncamla 3 nazirliyə yeni şəxslər rəhbər təyin edilib. Bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Müdafiə Nazirliyidir. İndi diqqəti çəkən əsas məqam yeni nazirlərin – əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov, müdafiə naziri Zakir Həsənovun nazirliklərdə işçilərə təqdim edilməsidir.
Məlum olduğu kimi, yeni nazirləri nazirlik işçilərini ölkənin Baş naziri Artur Rasi-zadə təqdim edir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev hələlik yeni nazirin təqdimatının olmadığını bildirib. “Biz gözləyirik. Amma nazirin hələ ki təqdimatı olmayıb. Olan kimi bu haqda ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun yerinə Səlim Müslümov, kənd təsərrüfatı İsmət Abbasovun yerinə isə Heydər Əsədov təyin olunub. Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov isə Baş nazirin müavini vəzifəsinə təyin edilsə də, Fizuli Ələkbərov yeni hökumətin tərkibində yoxdur.
Aytən ƏLİYEVA