Modern.az

Heydər Əsədov getdi - Hesablama Palatasının yeni sədri necə seçiləcək? - PROSEDUR

Heydər Əsədov getdi - Hesablama Palatasının yeni sədri necə seçiləcək? - PROSEDUR

23 Oktyabr 2013, 11:04


Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırması haqqında imzaladığı sərəncamla indiyədək Hesablama Palatasının sədri vəzifəsini tutan Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olundu. Nəticədə Hesablama Palatasının sədri vəzifəsi boşaldı. Bəs bu vəzifəyə yeni təyinat necə həyata keçiriləcək?

Modern.az-ın məlumatına görə, Hesablama Palatası qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Hesablama Palatası səlahiyyət müddəti 7 il müəyyən edilmiş sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Hesablama Palatasının üzvlərinə dair tələblər, onların təyin olunma qaydaları Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 44-cü maddəsi və “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Qanunun 10-cu maddəsi ilə müəyyənləşdirilir.

Hesablama Palatasının sədri, sədr müavini və auditorları Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunurlar. Palata üzvləri vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə namizədliklərinə Milli Məclisin İqtisadi siyasət daimi komissiyası baxır və onların barəsində rəy verir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatasının üzvləri dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində iş təcrübəsinə malik olan ali təhsilli şəxslər olmalıdır.

Beləliklə, Hesablama Palatasısədrinin və üzvlərinin seçilməsi və təyin edilməsi qanunvericilikdə Milli Məclisinin səlahiyyətlərinə aid edilib.

Bu isə o deməkdir ki, önümüzdəki günlərdə Milli Məclis Hesablama palatasının yeni sədrini seçməli və təsdiqləməlidir.

Xatırladaq ki, Heydər Əsədovdan öncə Hesablama Palatasının 1 rəhbəri olub – Namiq Nəsrullayev.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat