“Zakir Həsənovun Daxili Qoşunların Komandanı işlədiyi müddətdə daxili qoşunların yüksək döyüş qabiliyyətinə, fiziki hazırlığına və başqa istiqamətdə olan hazırlıqlarının yüksək olması hamının diqqət mərkəzində olub”.
Bunu Modern.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov deyib. O, müdafiə naziri vəzifəsi ilə bağlı kadr dəyişikliyinə münasibət bildirərkən qeyd edib ki, Zakir Həsənovun yeni nazir kimi orduda islahatlar və çox ciddi işlər aparacağına inanır.
"Deputat, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, sadə vətəndaş və Qarabağdan olan məcburi köçkün kimi Zakir Həsənovun fəaliyyətini həmişə yüksək qiymətləndirmişəm. Çünki Daxili Qoşunlar yüksək səviyyədə formalaşıb. Torpaqlarımızı düşməndən azad etmək üçün ölkə daxilində aparılan əməliyyatlara hər zaman hazır olub. Prezidentimizin bu sərəncamını yüksək qiymətləndirirəm. Ümidvaram ki, Zakir Həsənovun rəhbərliyi altında Azərbaycanın Müdafiə Nazirliyi, silahlı qüvvələrimiz hər an torpaqlarımızı düşməndən azad etməyə hazır olacaqlar”.
Orduda əsgər ölümləri ilə bağlı duruma münasibət bildirən Elman Məmmədovun sözlərinə görə, yeni nazirin təyinatı ilə vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid edir.
Gültəkin ƏLƏSGƏR