Modern.az

Gülər Əhmədova jurnalistləri Allaha tapşırdı: “Guya mən Bin Ladenəm”

Gülər Əhmədova jurnalistləri Allaha tapşırdı: “Guya mən Bin Ladenəm”

28 Oktyabr 2013, 13:46

Bu gün sabiq millət vəkili Gülər Əhmədovanın barəsində açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə davam etdirilib.

Saat 11-in yarısına təyin edilmiş iclas texniki problemlərlə bağlı olaraq yarım saat gec başlayıb.

Məhkəmə prosesində iştirak edən həmkarlarımızın Modern.az-a verdiyi məlumata görə, G.Əhmədova məhkəmə iclasının başlanğıcında söz alaraq prosesin jurnalistlər üçün qapalı keçirilməsini istəyib. Sabiq deputat deyib ki, buna səbəb jurnalistlərin milçəyi filə çevirərək, nə gəldi yazmaları və onun ailə üzvlərini ağlamaq dərəcəsinə çatdırmalarıdır. Gülər Əhmədova ifadə verərkən özünü qətiyyən təqsirli bilmədiyini deyib.

 “Mən onların heç birinə reaksiya vermirəm. Vicdanlarına və Allaha buraxıram. O qədər bu barədə yazdılar ki, sonda bir ananın həbs olunmasına gətirib çıxardılar. Məni KİV-də gedən materiallara görə həbs elədilər. Amma bu təxəyyülə əsaslanaraq, belə yazılar yazanlardan istintaq heç nə soruşmadı. Mənim nüfuzuma zərbə vuraraq elə bir obraz yaratdılar ki, guya mən Bin Ladenəm. Xahiş edirəm jurnalistlərdən nə deyirəm, onu yazsınlar. Ya da proses jurnalistlərsiz keçirilsin. Mənə, anama, övladlarıma olan olub. Yazanda düzgün yazın. Hər gün 7-8 dərman qəbul edirəm. Bu dərmanların təsirindən məni yuxu basır və anlaqsız vəziyyətə düşürəm”.

Ancaq məhkəmə sədarəti müttəhimin bu tələbini nəzərə almayıb və proses jurnalistlərin iştirak ilə davam etdirilib.

Çıxışını davam etdirən G.Əhmədova ittiham olunduğu CM maddələri üzrə özünü təqsirli hesab etmədiyini bildirib və əlavə edib ki, onun ABU rektoru Elşad Abdullayevlə görüşməsinin məqsədi universitet tələbələrinin problemləri ilə bağlı olub.

Bundan başqa, sabiq deputat qeyd edib ki, Eşlad Abdullayev nahaq yerə ondan əlindəki videomaterialları yaymağı tələb edir, çünki onda heç bir videomaterial yoxdur.

Bundan sonra prosesdə fasilə elan edilb və məhkəmə iclası saat 14-ə təyin olunub.

Xatırladaq ki, sabiq MM üzvü Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat