“Azərbaycanlılar kompakt yaşadığı Kvemo-Kartli bölgəsində seçici səslərinin 65-68%-ini partiyamızın namizədi Georgi Marqvelaşvili alıb”. Bunu Modern.az-a hakim “Gürcü arzusu” Partiyasından parlament üzvü olan Əli Məmmədov bildirib.
“Seçkilər açıq, şəffaf keçdi. Azərbaycanlılar yaşayan Kvemo-Kartli bölgəsində partiyamızın namizədi Marqvelaşvili qalib gəldi. Bütün ölkə üzrə nəticələrdə təxminən buna yaxın olub”.
Müxalifətçi namizəd Nino Burcanadzenin seçkiləri tanınmamaq barədə bəyanatını isə azərbaycanlı deputat namizədin seçkilərdə ən çox pul xərcləyib istədiyi nəticəni əldə edə bilməməsi ilə əlaqələndirdi.
“Seçkini tanımamaq Burcanadzenin aqoniyası idi. Seçki kampaniyasına ən çox pul xərcləyən namizəd olduğuna görə o, belə reaksiya verib. Onun pozuntularla bağlı dedikləri yalandır”.
Deputat hakim partiyanı təmsil edən baş nazir B.İvanişvili dövründə Gürcüstandakı azərbaycanlılara qarşı diskriminasiyaya son qoyduğunu bildirib.
“Saakaşvilinin vaxtında əsasən də azərbaycanlılar qanunsuz olaraq böyük məbləğlərdə cərimələnirdi. İndi azərbaycanlılar rahat şəkildə bizneslə məşğul ola bilirlər. İvanişvili hakimiyyəti diskriminasiyanın qarşısını aldı”.
Vüqar İsmayılov