Modern.az

“Moskva Qarabağı bizə qaytarsa, Bakı Gömrük İttifaqına daxil olacaq” - ŞƏRH

“Moskva Qarabağı bizə qaytarsa, Bakı Gömrük İttifaqına daxil olacaq” - ŞƏRH

29 Oktyabr 2013, 11:51

“Lukaşenkonun dedikləri Rusiyanın Azərbaycanı Gömrük İttifaqına üzv qəbul etmək üçün təzyiq metodu ola bilər”


“Bizim üçün ən önəmli məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əgər Rusiya bu məsələdə qeyri-konstruktiv mövqeyindən əl çəkərsə, Azərbaycan Gömrük İttifaqına üzvlük məsələsində güzəştə gedə bilər”.  
Bu sözləri Modern.az açılamasında politoloq, prezidentin keçmiş müşaviri Qabil Hüseynli MDB sammiti çərçivəsində keçirilən Avrasiya İqtisadi Şurasının iclasının yekunlarını şərh edərkən bildirib.

Xatırladaq ki, oktyabrın 24-də Minskdə keçirlən Avrasiya Ali İqtisadi Şurasının iclası zamanı Ermənistanın təşkilata üzvlüyü məsələsinə baxılıb. Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsində Azərbaycanın mövqeyinin nəzərə alınmasının önəmli olduğunu bəyan edib.  Lukaşenkonun fikrincə, Ermənistanın həll olunmamış ərazi münaqişəsinin olması üzvlükdə problem yarada bilər.

Qabil Hüseynlinin fikrincə, bu bəyanatda maraqlı məqamlar var: “Əgər Gömrük İttifaqının, Avrasiya İttifaqının yaradılması Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkün sayılmırsa, bunu Azərbaycan üçün müsbət dəyərləndirmək lazımdır”.

Politoloqun fikrincə, Lukaşenkonun sözləri həm də Azərbaycana təzyiq vasitəsi ola bilər. “Nəhayət, Rusiya başa düşüb ki, qonşularla normal münasibət qurmaq istəyirsə, əgər dövlətləri öz ətrafında cəmləmək istəyirsə, hamsına eyni gözlə baxmalıdır. Belə fikirlər mümkündür ki, Dağlıq Qarabağ münaqişəsi barədə Lukaşenkonun dedikləri Rusiyanın Azərbaycanı Gömrük İttifaqına üzv qəbul etmək üçün təzyiq metodu ola bilər”.

Politoloqun sözlərinə görə, Lukaşenko MDB və Gömrük İttifaqında əsas sima olmasa da, onun dedikləri əslində Rusiyanın Ermənistana gizli mesajıdır və Azərbaycan üçün müsbət hadisədir.

“Lukaşenkonun səsləndirdiyi fikirlər hələ məsələnin həll edilməsinə inam yaradılması demək deyil. Lukaşenko nə MDB-də, nə də Gömrük İttifaqında həlledici simadır. Belə məsələlərdə Rusiyanın mövqeyi önəmlidir. Əgər MDB-də belə fikirlər səsləndirilirsə və Lukaşenkodan əlavə Nazarbayev də bunu deyirsə, deməli Rusiyada bu fikirlər var. Sadəcə Ermənistanla münasibətləri korlamamaq üçün, onu hürkütməmək üçün bu fikri açıq ifadə etməyiblər”-deyə Q.Hüseynli vurğulayıb.  

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir