Modern.az

Gələn həftə İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi başlayır

Gələn həftə İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi başlayır

29 Oktyabr 2013, 12:32


Noyabrın 4-də Ağır Cinayətlərə dair İşlər üzrə Şəki Məhkəməsində Rəşid Hüseynovun sədrliyi ilə İsmayıllı hadisələri üzrə hazırlıq iclası keçiriləcək. REAL lideri İlqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu və daha 18 nəfər məhkəməyə çıxarılacaq.

Bu barədə Modern.az-a REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs Gəncəyə göndərilib. Məhkəmə istintaqı dövründə onlar yerli istintaq təcridxanasında qalacaq. “İlqar Məmmədovun səhhəti qənaətbəxşdir. Saxlanma yeri, yəni Gəncə istintaq təcridxanası çox köhnədir. Həmin bina ilə Kürdəxanıda yerləşən istintaq təcridxanası arasında böyük fərq var”.

Fuad Ağayev sonda İlqar Məmmədovun qanunsuz həbs olunduğunu da bildirdi. “Qanun rəhbər tutulsaydı, İlqar Məmmədov nə həbdə olardı, nə də indiki məhkəməyə də ehtiyac olardı”.

Xatırladaq ki, Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL lideri İlqar Məmmədov Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2-ci (güc tətbiq etməklə polisə müqavimət göstərmə) maddələri ilə ittiham olunur.

 

Gültəkin ƏLƏSGƏR

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir