Moskvanın cənub-şərqində yerləşən “Sadovod” bazarında polisin dünən keçirdiyi reyd nəticəsində əsasən Özbəkistan və Tacikistandan olan minə yaxın qanunsuz miqrant aşkar olunub. Bazar ərazisində yoxlamalar zamanı “Sadovod” bazarında sanitar qaydaların pozulmasına dair xeyli faktlar aşkarlanıb.
Rusiya mediası əksər Moskva bazarların bağlanmasına baxmayaraq, "Sadovod" bazarının fəaliyyətinin dayandırmamasını onun sahiblərinin Kremillə bağlılığı ilə əlaqələndirirlər. Rusiyanın “Dojd” telekanalı “Sadovod” bazarının əslən azərbaycanlı biznesmenlər Qod Nisanov, Zarah İliyev və İlham Rəhimova məxsus olduğunu bildirib. İlham Rəhimovun prezident Vladimir Putinlə birgə 1975-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyini önə çəkən telekanal Putinlə şəxsi dostluq səbəbindən bazarın bağlanmayacağını ehtimal edirlər.
Quba yaxınlığındakı Qırmızı qəsəbədən olan Zarah İliyevlə Qod Nisanovun isə birlikdə 6 milyard dollar şəxsi sərvətə malik olduğunu önə sürən jurnalistlər onların Moskvadakı dağ yəhudiləri icmasının nüfuzlu üzvləri olduğunu bildirirlər. Bu səbəbdən də bağlanmayan “Sadovod” bazarının gələcəkdə əksər bazarlar kimi ləğv olunmayacağını, sadəcə modernləşdiriləcəyini irəli sürürlər.
Bu arada Moskva şəhər ticarət və xidmət departamenti şəhərdəki kənd təsərrüfatı bazarlarının modernləşdirilməsi ilə bağlı layihəni təqdim edib. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, layihə 2015-ci ilə qədər 27 bazardan 12-sinin ticarət mərkəzinə çevrilməsini nəzərdə tutur. Qalan bazarlar isə çoxtəbəqəli avtomobil dayanacaqlarına və nəqliyyat qovşaqlarına çevriləcək.
Vüqar İsmayılov