AXCP sədri Əi Kərimli qaynı, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov barəsində çıxarılan məhkəmə hökmünə münasibət bildirib. Modern.az saytının xəbərinə görə, Əli Kərimli bununla ondan qisas alındığını vurğulayıb:
”Bu gün qaynım Elnur Seyidovu qurama, absurd ittihamlarla 7 il yarım azadlıqdan məhrum etdilər. Məndən qisas almaq məqsədilə təqsirsiz, xəstə, 3 azyaşlı uşaq atasını sifarişlə cəzalandırdılar.
Bir neçə il əvvəl əmim oğlunu da qurama ittihamlarla 2 ildən artıq həbsdə saxlamışdılar. Daha neçə qohumum, dostum, partiya və əqidə yoldaşım həbsxanalardan keçib və keçməkdədir”.
Ə.Kərimlinin sözlərinə görə, “Azadlıq” qəzetinin kollektivi də azad, tənqidi sözün tribunasını qoruyub saxlamaq üçün ölüm-dirim mübarizəsi aparır.
“Amma bütün bu repressiyalar da, seçki saxtakarlığı da ölkəmizdə demokratik dəyişikliklərin qarşısını ala bilməyəcək. 3-5 il bundan əvvəldən fərqli olaraq, indi bu dəyişikliklər zaman məsafəsi baxımından bizə xeyli yaxındır. Xalqımız böyük məhrumiyyət və fədakarlıq bahasına demokratik dəyişikliklərə yaxınlaşır. Bu dəyişiklikləri “olmazsa olmaz”a çevirir.
Demokratiyanın bərqərar olması naminə verdiyimiz qurbanları həm də ona görə xatırladıram ki, Demokratiyanın qələbəsindən sonra heç bir “çoxbilmiş” ölkəmizin demokratikləşməsinin hansısa qlobal, geopolitik proseslərin nəticəsi olduğunu iddia etməsin. Xeyr, xalqımız alnının təri ilə, həbsxanalardan keçə-keçə, min bir əziyyətlə ölkəmizdə azadlıq və ədaləti bərqərar etməkdədir və edəcək”-deyə AXCP sədri bildirib.
Xatırladaq ki, oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədrinin qaynı Elnur Seyidov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hökmə əsasən, Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə həbs edilən “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Xəstəliyin E. Əliyevin proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib.
Modern.az