Modern.az

Yeni Təhsil Strategiyası nə vaxtdan həyata keçiriləcək?

Yeni Təhsil Strategiyası nə vaxtdan həyata keçiriləcək?

30 Oktyabr 2013, 09:42

Məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi də aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir. Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlər qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur. 

  Prezident İlham Əliyevin 24 oktyabr tarixində imzaladığı Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da bu qeyd edilib. Eyni zamanda strategiyada qeyd edilib ki, məktəbə hazırlıq təhsili icbarı olacaq. Yəni uşaq bir il icbari hazırlıq təhsili aldıqdan sonra məktəbdə oxuyacaq.   Qeyd olunduğu kimi, məktəbədəqər təhsil müəsissələri bu gün olduqca azdır. O zaman bu mexanizm necə həyata keçiriləcək?  

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, strategiya tez zamanda tətbiq edilməyə bilər.

“Yəqinki hələlik buna keçid mərhələsi olacaq ki, bu müddət ərzində orada qeyd edilənlər öz əksini tapsın. Hardasa 2-3 il uzana bilər. Əgər tez zamanda strategiya reallaşarsa, bütün ölkə boyu bu qədər məkltəbəqədər təhsil müəsissələri də tikmək mümkün deyil. Ola bilsin ki, bu işi məktəbəqədər hazırlıq kursları vasitəsilə həyata keçirsinlər. Yəni uşaqlar bir il məktəbəqədər hazırlıq kurslarında oxuduqdan sonra onlar ümumtəhsil məkrtəblərinə qəbul olunarlar”.  

Qeyd edək ki, 2011-ci ilin dekabr ayında ölkə başçısının imzaladığı sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib.  


Aytən ƏLİYEVA  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir