Modern.az

Hərbi ekspert: “Zakir Həsənovun bəzi təyinatları yanlışdır” - AÇIQLAMA

Hərbi ekspert: “Zakir Həsənovun bəzi təyinatları yanlışdır” - AÇIQLAMA

30 Oktyabr 2013, 13:44

“İndiyə kimi Qarabağ döyüşçülərinə rəhbər vəzifə verilməsini nə görmüş, nə də eşitmişəm. Sözsüz, təyinatlar arasında vaxtilə Qarabağ savaşında iştirak etmiş dostlar da var. Amma çox istəyərdim ki, bu şəxslər rəhbər vəzifələrdə təmsil olunsunlar”. Bunu Modern.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov yeni müdafiə nazirinin apardığı kadr islahatlarına münasibət bildirərkən deyib. O, həyata keçirilən təyinatlarda Qarabağ döyüşçülərinin adlarına rast gəlməməsinə təəssüfləndiyini qeyd edib:

“Əlbəttə, belə olsaydı, mən də sevinərdim. Hər halda bu şəxslərin xeyli təcrübələri var. Düşünmürəm ki, hazırda aparılan təyinatlar müharibəyə işarədir. Onsuz da Müdafiə Nazirliyi müharibəyə hazırdır. Bu, sadəcə olaraq, kadr təyinatıdır və Zakir Həsənovun təyinatlarının özünü doğruldub-doğrultmamağını zaman göstərəcək”.

Ü.Cəfərov təyinatların müsbət və mənfi tərəflərini sadalayıb:

“Vəzifəyə gətirilənlər arasında bəyəndiklərim və bəyənmədiklərim şəxslər var. Təyinat zamanı müsbət qiymətləndirdiyim odur ki, Müdafiə Nazirliyində uzun illər xidmət keçmiş və mənfi imicə malik şəxslər sistemdən uzaqlaşdırılıb. Mənfi hal isə təcrübəli şəxslərin vəzifədən uzaqlaşdırılmasıdır. Düzdür, bəziləri deyir ki, yeni nazir hərtərəfli məlumatlı şəxsdir. Hər halda nə qədər məlumatlı da olsa, incəliklərə o qədər də bələd ola bilməz. Məsələn, Yaşar Aydəmirov kimi Qarabağ və Əfqanıstan müharibələrində iştirak etmiş şəxsin vəzifədən uzaqlaşdırılmasını düzgün hesab etmirəm. 8 il Azərbaycanı NATO-da ləyaqətlə təmsil etmiş və son vaxtlar Müdafiə Nazirliyinin katibliyi vəzifəsində çalışan polkovnik Samir Musayevin aşağı vəzifəyə təyin olunması o qədər də ürəkaçan deyil. Bu, mənəvi baxımdan kollektiv üçün böyük bir zərbədir”.

Hərbi ekspert kadr dəyişiklikləri zamanı ictimaiyyətə vaxtlı-vaxtında informasiya verilməməsindən narazıdır: “Müdafiə Nazirliyinin informasiya siyasətində anlaşılmayan məsələlər var. Aparılan işlər Azərbaycan dövləti üçündür, ona görə də onlar məlumatları operativ şəkildə yaymalıdırlar. Bütün bunlar olmayanda düşünürəm ki, elə əvvəlki vəziyyətdir, heç nə dəyişməyib”.

İlkin PİRƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir