
“İctimai Palata Milli Şuraya mane olmur. Milli Şuranın strukturları tam işə düşəndən sonra İctimai Palatanı buraxılması məsələsi müzakirə oluna bilər”. Bunu
Modern.az-a açıqlamasında İctimai Palata Koordinasiya Şurasının (İPKŞ) üzvü Köçəri Nağıbəyli deyib. Onun sözlərinə görə, hazırda İP-in buraxılması hazırda gündəmdə deyil:
“Yeni yaradılan Milli Şuranın sədri Rüstəm İbrahimbəyov və qurumun vahid namizədi Cəmil Həsənli siyasi arenada ciddi işlər görüblər. Milli Şuranın kifayət qədər geniş sosial bazası var. Milli Şura son illərin ən güclü qurumlarından biridir. Bu qurum daha da gücləndirilməlidir. İctimai Palatanın da üzvlərinin əksəriyyəti Milli Şuradadır. Hər halda İP-in adından danışa bilmərəm. Qurumun buraxılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bütün qərarlar müzakirə olunmalıdır. Bu ilin dekabrında İctimai Palatanın 3 ili tamam olur. İP daha çox 2010-cu ildə keçirilən parlament seçkilərinə hesablanmışdı. Müxalifət prezident seçkilərinə bir neçə ay qalmış Milli Şuranı yaratdı. Mən belə düşünürəm ki, hamımız Milli Şuranın gücləndirilməsinə dəstək olmalıyıq”. K.Nağıbəyli vurğulayıb ki, İctimai Palatanın buraxılması ilə bağlı tələsik qərar vermək düzgün deyil: “İP-in buraxılması ilə bağlı tələsik qərar qəbul etmək olmaz. Demək istəyirəm ki, qurumun ləğv edilməsi qalmaqalla olmamalıdır. Bütün bu işlər hörmətlə həyata keçirilməlidir və hamımız Milli Şuranın güclənməsinə dəstək olmalıyıq”.
İlkin PİRƏLİ