“AvroNestlə bağlı hələ ki bir şey deyə bilmərəm. Qayıdandan sonra geniş məlumat verərik. Amma deyim ki, Azərbaycanın AvroNest-dən çıxmasından söhbət gedə bilməz”. Bunu Modern.az-a millət vəkili Asim Mollazadə AvroNest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun Avronest PA-da Azərbaycanın fəaliyyətini dayandıracağı ilə göndərdiyi məktubun həmin qurumda müzakirə olunacağından danışarkən deyib.
Xatırladaq ki, Elxan Süleymanovun Avronest PA-nın həmprezidentlərinə belə bir məktub göndərməsinə səbəb Avropa Parlamentinin ATƏT DTİHB-nun Azərbaycanda keçirilən prezident seçkilərinə ilə bağlı nəticələrini tanıması olub.
A. Mollazadənin sözlərinə görə, Azərbaycan həmin qurumda fəaliyyətini davam etdirəcək: “Azərbaycan AvroNest-də və “Şərq tərəfdaşlığı” proqramında Prezidentin imzası ilə iştirak edir və bu qurumla bağlı qərarları Prezident verir. Azərbaycan parlamenti Avropa Parlamenti ilə və AvroNestlə əməkdaşlığını davam etdirir. Əməkdaşlığın dayandırılması ilə bağlı qərar yoxdur. Elxan Süleymanovun göndərdiyi məktubla da bağlı AvroNest-də aparılan müzakirələrədən sonra danışmaq olar. Hesab edirəm ki, həmin qurumla əməkdaşlığımız davam etdirəcəyik”.
Qeyd edək ki, Azərbaycanın AvroNest PA-da fəaliyyətini dayandırması ilə bağlı məsələ AvroNest Bürosunun noyabrın 1-2-də Kiyevdə keçiriləcək iclasında müzakirə olunacaq. Avropa Parlamentindən deyilib ki, E. Süleymanovun AvroNest PA-nın həmprezidentləri Yevgeni Kirilov və Boris Tarasyuka ünvanlanmış məktubun müzakirəsi zəruridir.
İlkin PİRƏLİ