
“Milli Şura çox kövrək birlikdir. Azərbaycanda antidemokratik hakimiyyət olmasaydı, Milli Şuraya da ehtiyac olmayacaqdı”.
Bunu
Modern.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri, Milli Şura üzvü Sülhəddin Əkbər deyib. O, Milli Şuranın gələcək statusunun müəyyən edilməsi məsələsinə münasibət bildirərkən qeyd edib ki, Azərbaycanda mövcud iqtidar qaldıqca Milli Şura da öz fəaliyyətini indiki statusu ilə davam etdirməlidir.
“Milli Şuranın qalmasına və siyasi fəlsəfəsinin dəyişməməsinə ehtiyac yaranır. Onun hər hansı bir partiyaya çevrilməsi isə qeyri-mümkündür. Çünki Milli Şurada çox sayda siyasi partiyalar və müxtəlif dünya görüşlü insanlar var. Milli Şuranı partiyaya çevirmək üçün cəhd göstərməyə də lüzum yoxdur”. ACP sədri bildirib ki, yalnız Milli Şuranın təkmilləşməsinə, qurumun rəhbərliyinin və strukturunun möhkəmlənməsi zəruridir. “Bundan əlavə əsas məsələ odur ki, Milli Şura yeni mərhələdə qarşısına hansı məqsədlər qoyacaq”.
Aqşin Kərimov