“Hesab edirəm ki, Rusiya polkovniki səlahiyyətindən kənar danışır və onun bu bəyanatı Rusiyanın Cənubi Qafqazdakı siyasətinə böyük zərbə vura bilər”. Modern.az-ın məlumatına görə bunu Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədr müavini, YAP-çı deputat Aydın Mirzəzadə deyib. O, Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinskinin fikirlərinə münasibət bildirərkən qeyd edib ki, hərbi hissə komandirinin yeganə vəzifəsi ona təhkim edilmiş hərbi hissədə ona aid olan vəzifələrinin icra edilməsidir.
“Onun müdaxilə etdiyi Rusiyanın Cənubi Qafqazdakı siyasətinə isə prezident Putinin administrasiyasının məsul şəxsləri və xarici işlər nazirliyi cavabdehdirlər”-deyə YAP-çı millət vəkili söyləyib. Onun sözlərinə görə Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycan Ermənistan hərbi münaqişəsinə qarışmaq istəmədiyini dəfələrlə bəyan edib. Komitə rəsmisi bildirib ki, Ruzinskinin bəyanatı Rusiyanın rəsmi mövqeyi ilə daban-dabana ziddir.
“Polkovniklərin dövlət siyasətinə müdaxilə etməsi heç bir dövrdə arzu olunan hal hesab edilməyib və görünür Rusiya rəsmiləri bu məsələyə aydınlıq gətirməlidirlər-deyə A.Mirzəzadə vurğulayıb.
Qeyd edək ki, Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinski Rusiyanın “Krasnaya Zvezda” nəşrinə müsahibəsində Azərbaycanı hədələyib. “Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün hərbi yola baş vurduğu halda Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edəcək”-deyə rus polkovnik söyləyib.
Aqşin Kərimov