Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti Vyetnama gedən Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb. Nazirlikdən Modern.az-a bildirilib ki, Vyetnam Sosialist Respublikasının Azərbaycanda Səfirliyi olmadığından Vyetnama səfər etmək istəyən Azərbaycan vətəndaşları viza almaqda çətinliklə üzləşirdilər.
Məsələ ilə bağlı Azərbaycanın Vyetnamdakı Səfirliyinin nümayəndəsi Vyetnam Xarici İşlər Nazirliyində keçirdiyi görüşlər zamanı Azərbaycan vətəndaşlarının Vyetnama viza alması prosedurlarının sadələşdirilməsi məsələsini qaldırıb.
”Aparılan məsləhətləşmələr nəticəsində Azərbaycan vətəndaşlarına viza verilməsi qaydaları sadələşdirilmişdir. Belə ki, Vyetnam aeroportlarında Azərbaycan vətəndaşları üçün viza rəsmiləşdirilməsi həyata keçirilə biləcək. Bunun üçün Vyetnam turizm şirkətləri tərəfindən müvafiq səyahət sənədlərinin təqdim olunması kifayətdir”.